Bu gün görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür - FOTO

09:15 - 10 / 01 / 2024
Bu gün görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür - FOTO

Yanvarın 10-da görkəmli dilçi alim, türkoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Afad Qurbanovun doğum günüdür.

Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən Afad Qurbanov hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi də Afad Qurbanovun adı ilə bağlıdır.

1news.az görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Afad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya müharibəsinin veteranı medalı ilə təltif edilib. Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. 22 yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olub. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğruldub və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarıb.

Afad Qurbanovun yaradıcılığında dil problemlərinin tematikası çox genişdir. Bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq enerjisini Azərbaycan dilçiliyinin inkişafına, doğma dilinin saflığının təmin olunmasına həsr edən alim dilçilik elminin elə bir sahəsi yoxdur ki, oraya nüfuz etməsin. Azərbaycan dili, ədəbi dil, dilin lüğət tərkibi, fonetik və qrammatik quruluşu, ümumi dilçilik, bədii əsərin dili, onomalogiya məsələləri onun yaradıcılığının əsas istiqamətlərindən olub. Afad Qurbanovun adı dilçilik elminin korifeyləri ilə bir sırada çəkilir.

Görkəmli alim Afad Qurbanov Azərbaycan onomastika elmi məktəbinin banisidir. Dildə olan bir sıra onomastik vahidlər onun qələmi ilə dilçilik elminə daxil edilib və öz izahını tapıb. Alimin “Azərbaycan dilinin onomalogiyası” əsəri dilçilik elminə qiymətli dərslik kimi daxil olub. Azərbaycan dilçiliyində onomastik vahidlərin yaranması və dəyişilməsi, orfoqrafik və orfoepik problemləri elmi və sistemli şəkildə Afad Qurbanovun kitabında faktlar əsasında izah olunub.

O, elmi məktəb yaradan və çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdəndir. Alimin əsərləri bütün tədqiqatçılar üçün bir baza, bir mənbədir. Afad Qurbanov “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə, Bakı-2004) kimi monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. O, hidronimlərin izahında da ilk təşəbbüs göstərən alimlərimizdən olub. Alim hidronimlərin okeanim, pelaqonim, limonim, potamonim, helonim növlərini müəyyənləşdirib.

Afad Qurbanov novator, orijinal bir dilçidir. Onun hər bir əsərində yenilik özünü göstərir. O, yüksək dərəcədə təhsil alıb, türk xalqlarının dilləri ilə yanaşı, dünya dillərini də dərindən dərk edib, mənimsəyib, çoxsaylı dillərin materialları ilə tanış olub və həmin materiallardan da bəhrələnərək dünyagörüşünü artırıb, “Ümumi dilçilik” adlı əsərini də müfəssəl dərəcədə işləyib ərsəyə gətirib.

Görkəmli alim ilk dəfə respublika ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdırıb və onların tədrisində bir sistem yaratmağa nail olub. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir. Bununla yanaşı, Afad Qurbanovun 1962–2009-cu illər ərzində ali məktəblər üçün dilçiliyin müxtəlif sahələri ilə bağlı tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti cəlb edir. Onun hazırladığı tədris proqramları və çalışmalar Azərbaycan dilinin, türk dilçiliyinin və ümumi dilçiliyin müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində əhəmiyyətli rol oynayıb. Bu proqram və çalışmalardan ali məktəblərdə uzun illər geniş istifadə olunur, müəllimlər və tələbələr onlardan dəyərincə faydalanırlar. Həmin proqramlarda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mübahisə doğuran məsələlər dürüstləşdirilib, onlara aydınlıq gətirilib. Beləliklə, A.Qurbanovun 45 ildən artıq bir müddət ərzində ölkədə təhsilin, o cümlədən “Ümumi dilçilik” fənninin tədrisinin təşkilində böyük xidmətləri olub.

Afad Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. O, Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanovun hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən Afad Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, o cümlədən 1990-1995-ci illərdə Milli Məclisin deputatı, Əlifba Komissiyasının sədri olub. Alimin AMEA-nın inkişafında da müstəsna xidmətləri olub. O, 40 ilə yaxın müddətdə bu elm müəssisəsi üçün mühüm işlər görüb, bir çox komissiya və müdafiə şuralarının üzvü və sədri olub. Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərib. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışıb.

Görkəmli alimin xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Paylaş:
577

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər