Paytaxt və Abşeron yarımadası ərazisində DVB-T2 standartlı HD formatlı sınaq yayımı həyata keçiriləcək
Cari ildə Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı, DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınıb.
1news.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.
Hesabatda qeyd olunub ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Müzakirələrdə abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilib, Şura tərəfindən müvafiq arayış hazırlanıb. Nəticədə “Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı, DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınıb.