Tanınmış türkiyəli jurnalist AŞPA-nın qərarını sərt tənqid edib
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) Dil-Tarix bölməsinin rəhbəri, tanınmış jurnalist Seyfettin Ayakyayın “AŞPA Fransanın nəzarəti altında” sərlövhəli məqaləsi yayımlanıb.
1news.az xəbər verir ki, məqalədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsinə dair qətnamə sərt tənqid edilib: “Baxın, görün kim başqalarına azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunvericilik orqanının icraya qarşı zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, insan hüquqlarına hörmətlə bağlı dərslər verməyə çalışır? Xüsusilə ABŞ-da, Avropa İttifaqında, Fransada və Almaniyada irqi, dini və iqtisadi baxımdan insanlar xəbərdarlığa ehtiyac duymayan polislər tərəfindən öldürülmə, media nümayəndələrinin həbsi kimi rəftarlara məruz qalır. Bəzi Avropa ölkələrində isə jurnalistlər xəbər almaq səbəbinə görə həbs olunmaq kimi durumla qarşılaşırlar”.
Belə ölkələr arasında Polşa, Finlandiya, Fransa, İngiltərə və İtaliyanın olduğunu vurğulayan müəllif “Doğrudan, ABŞ-ın İraq və Əfqanıstanda ayrı-seçkilik etmədən çoxlu sayda mülki vətəndaşı öldürməsi, bu qırğınları gizlətməsi, məhbuslara işgəncə verməsi kimi qaranlıq faktları ortaya qoyan “WikiLeaks”in qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə olduğu və indiyədək İngiltərədə saxlandığı faktını AŞPA bilmir?” ritorik sualını ünvanlayıb.
Fransa ordusunda korrupsiyanı ifşa etdiklərinə, pensiya islahatları və digər irimiqyaslı aksiyaları işıqlandıqdıqlarına görə Fransada jurnalistlərin həbs olunduqları və cərimə edildikləri, İtaliyada insan hüquqları və mafiya ilə bağlı araşdırmalar aparan Roberto Savianoya qarşı o zamankı müxalifət lideri, hazırkı Baş nazir Meloniyə həqarət iddiası irəli sürüldüyü və istintaqın indiyədək davam etdiyi, Belçikada etiraz aksiyalarını işıqlandırdıqlarına görə jurnalistlərin saxlanıldığı, 2022-ci ildə dünya çümpionatı zamanı Mərakeş və Fransa arasında oyundan sonra nümayişi işıqlandırdığı üçün jurnalist Yassin Akouhun həbs edildiyi, bu saxlanmanın səbəbinin açıqlanmadığı bildirilib: “Fransada 2023-cü ildə irimiqyaslı aksiyaları işıqlandıran yerli və əcnəbi jurnalistlər polis tərəfindən zorakılığa məruz qaldılar. Yerlə sürüklənən etirazçıların gördükləri qeyri-mütənasib zorakılıqlar AŞPA-nın diqqətini heçmi cəlb etmir?”
Azərbaycan nümayəndə heyətinin AŞPA-nın ittihamlarını qəbul etmədiyi, rüsvayçı qətnamənin qəbulundan öncə bəyanat verərək sessiyanı tərk etdiyi, Türkiyə və Ukrayna deputatlarının AŞPA sessiyasında Azərbaycanı müdafiə etdikləri vurğulanıb.
AŞPA-da yaranmış vəziyyəti belnəlxalq rüsvayçılıq zəncirinə yeni halqanın əlavə edilməsi kimi qiymətləndirən müəllif bildirib ki, Qarabağda bütün dünyaya humanizm dərsi keçən Azərbaycan xalqı öz Liderini tam müdafiə etməklə AŞPA-nın cavabını verəcək. Çünki İlham Əliyevin Azərbaycanda keçiriləcək 7 fevral növbədənkənar Prezident seçkilərində böyük fərqlə qalib gələcəyi şübhə doğurmur: “Azərbaycan torpaqlarının 30 illik əsarətdə qalmasına göz yuman imperialist-soyqırımçı ölkələr çirkli əməllərinə nail ola bilməyəcəklər”.