MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb.
1news.az “Secki-2024.az” saytına istinadla xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün seçki dairələrinə təhvil verilib. Bununla da proses tam yekunlaşdırılıb.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.