DYP rəsmisi: “Azərbaycanda köhnə maşınların çox olması qəzalarda ölüm riskini artırır”
“Utilizasiya proqramının həyata keçirilməsi qeydə alınmış yol-nəqliyyat hadisələrinin təsiri baxımından olduqca əhəmiyyətlidir”.
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
M.Ağayev deyib ki, başqa ölkələrlə müqayisədə Azərbaycan nəqliyyat qəzalarında ölənlərin sayı daha çox olur.
“Bu gün məsələni bir sıra ölkələrlə müqayisə etsək, görərik ki, bizim ölkə ilə təxmini eyni parametrlərdə olan ölkələrdə baş vermiş yol nəqliyyat hadisələrində, istər onların sayı, istər həmin qəzalar nəticəsində xəsarət alanların sayı bizimlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox olsa da həmin ölkələrdə yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı bizim ölkə ilə müqayisədə az olur. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə istismarda olan nəqliyyat vasitələrinin aktiv, passiv, qəza sonrası və ekoloji təhlükəsizlik göstəriciləri bizim ölkə ilə müqayisədə kifayət qədər yaxşıdır. Hazırda ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, hadisələr zamanı həmin hadisənin ağırlıq dərəcəsinə bilavasitə təsir göstərir. Həmin ölkələrdə 10 qəzada 2 insan həyatını itirirsə, bizdə bu say 3, 4 olur. Bu da nəqliyyat vasitələrinin köhnə olmasına dəlalət edir”.
Ona görə düşünürəm ki, utilizasiya proqramı bu sahədə bir yenilikdir.
“Cəmiyyət olaraq da hamımız bu məsələdə öz töhfəmizi verməyə çalışmalıyıq. Utilizasiya ümumilikdə ölkəmizin ekoloji təmizlik baxımından, yol hərəkəti rəhlükəsizliyi baxından olduqca əhəmiyyətli bir yerə gəlib çıxamasına səbəb ola bilər. Ümid edirəm ki, proqram sayəsində arzuladığımız və hədəflədiyimiz nəticələrə nail ola biləcəyik”.