Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib - FOTO
Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib. Tamaşanı rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri izləyiblər.
1news.az xəbər verir ki, üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan və şam ağacı ölkəsi olan Yaponiyanın dostluğu müvafiq simvollarla təcəssüm etdirilib.
Yapon incəsənət ustalarının çıxışları Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “No” teatrı 7 əsrdən bəri Yaponiyada nəsildən-nəslə, valideyndən övlada, ustadan şagirdə ötürülən nadir incəsənət növlərindən hesab olunur. “No” orta əsrlərdə Yaponiyada təbii fəlakətlərin qarşısının alınması üçün insanların fövqəltəbii qüvvələrə duaları və dini ritualları zəminində formalaşıb. Həmçinin müxtəlif mədəniyyətlər İpək Yolu vasitəsilə bu qədim incəsənət növünün yaranmasına təsir göstərib.