Azərbaycan Nyu Dehlidə təşkil olunmuş diplomatik xeyriyyə yarmarkasında təmsil olunub
Fevralın 3-də Azərbaycanın Hindistandakı Səfirliyi paytaxt Nyu Dehlidə təşkil olunmuş “Diplomatic Community Bazaar 2024” xeyriyyə yarmarkasında iştirak edib.
Azərbaycan Respublikasının Hindistandakı Səfirliyindən 1news.az-a verilən məlumata görə, Yarmarka Dehli Qadınlar Assosiasiyası Fondunun təşkilatçılığı və paytaxtda yerləşən xarici ölkələrin səfirliklərinin iştirakı ilə 1988-ci ildən etibarən hər il keçirilir.
Bu il Cəvahirləl Nehru adına stadionda açıq havada qurulmuş ölkə və korporativ stendlər arasında Azərbaycan adı və bayrağının yerləşdiyi guşə də yer alıb. Ölkəmizin Hindistandakı Səfirliyinin əməkdaşları və onların ailə üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlmiş stendimizdə Azərbaycanın zəngin mədəniyyətinin və milli mətbəxinin nümunələri təqdim olunub.
Milli musiqi nümunələrimizin sədaları altında gün ərzində fəaliyyət göstərən stendimiz yarmarkada iştirak edən diplomatik korpus üzvləri və hindistanlı ziyarətçilərin böyük marağına səbəb olub.
Yarmarkadan əldə olunan vəsait Nyu Dehlinin aparıcı xeyriyyə təşkilatlarından biri olan Dehli Qadınlar Assosiasiyası Fondunun xətti ilə aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili və müalicəsi məqsədlərinə yönəldiləcək.