İsrail mətbuatı Azərbaycanda keçiriləcək COP29 konfransından yazdı
“İsrailin iqlim dəyişikliyi ilə mübarizə aparmağa yönəlmiş çoxsaylı yeniliklərinə baxmayaraq, COP29 konfransının adıçəkilən ölkədə deyil, ekoloji istiqamətdə əhəmiyyətli irəliləyişləri ilə fəxr edən neftlə zəngin ölkədə - Azərbaycanda keçirilməsi təsadüfi deyil”.
1news.az xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Niyə İsrail iqlim dəyişikliyi ilə maraqlanmalıdır?” sərlövhəli məqalədə qeyd olunub ki, indiyədək ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərin öhdəsindən layiqincə gələn Azərbaycan yaşıl enerji və bərpa olunan enerji mənbələrinə böyük diqqət yetirir və sözügedən siyasət Azərtbaycan hökuməti üçün prioritet məsələlərdəndir. Belə ki, Azərbaycan hökumətinin son vaxtlar yaşıl enerjinin və bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli sərmayələr qoyduğu göz qabağındadır. Habelə Qarabağda bütün sistemlər yeni standartlara uyğun qurulub.
Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan davamlı inkişaf hədəflərini daim diqqət altında saxlayır. Təklif edildiyi vaxtdan Azərbaycan sözügedən hədəfləri müxtəlif perspektivlərdən fəal şəkildə dəstəkləyən və təbliğ edən ölkələrdən biridir və bu baxımdan COP29 konfransına ev sahibliyini ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.
İsrailli politoloq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcəyini vurğulayıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: