Azərbaycanda ilk dəfə Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb - Qalib müəyyənləşdi - VİDEO - YENİLƏNİB
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb.
1news.az-ın Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışda 83 km məsafə qət ediblər.
Xankəndidə başlayan yürüşün birinci mərhələsi Yevlaxda yekunlaşıb. Birinci yeri Elmir Əskərov tutub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev finişə ikinci, Elman Abışov isə üçüncü pillədə çatıb. İdmançılar daha sonra Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.
Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
***
09:27
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu başlayıb.
1news.az-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər.
Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.
Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
Teymur Maqsudov