NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir - FOTO
NEQSOL Holding Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq edərək Azərbaycanda 50 tələbə qız üçün “Parla” adlanan inteqrasiya olunmuş təqaüd və inkişaf proqramını həyata keçirməyə davam edir.
NEQSOL Holding tərəfindən əsası qoyulan “Parla” təqaüd proqramının 50 uğurlu iştirakçısı tərəflərin müəyyən etdiyi meyarlar əsasında müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr təhsili başa vurana qədər aylıq təqaüd ödənişləri alacaq. Bundan əlavə NEQSOL Holding tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.
Tədbirdə çıxış edən “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə qeyd edib ki, təhsilə dəstək həm də holdinqin korporativ sosial məsuliyyət strategiyasının mühüm bir hissəsidir, inklüzivlik isə holdinqin əsas dəyərlərindən biridir. Proqramın “Parla” adlanmasına diqqəti çəkərək İmran Əhmədzadə deyib:
“Sizdən gözlədiyimiz yalnız bir şey var: parla! Potensialınızı göstərin. Güclü, yaxşı təhsilli və yeni çağırışlara hazır olun. O qədər parlaq olun ki, digər qızların da yolunu işıqlandırın. Sadəcə parla! Bu yolda Sizə dəstək olmaq üçün yanınızda olacağıq”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov proqramı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırdı. Qızların şəxsi və peşəkar inkişafı üçün xüsusi proqram hazırlandığını qeyd edən EInur Nəsibov dedi: ”Parla” proqramının köməyi ilə tələbə qızlarımız universitetdə daha yaxşı oxumaqla yanaşı əmək bazarında iştirak üçün daha hazırlıqlı olacaqlar”.
Proqram iştirakçılarının və digər qonaqların qatıldığı tədbirdə təhsil və işəgötürmə üzrə ekspertlər, eləcə də digər ölkələrdə oxşar proqramlar həyata keçirən fondların nümayəndələri çıxış etdilər.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Reklam hüququnda