Bakıda Nuru Paşa və Qafqaz İslam Ordusunun şəhidləri anıldı – FOTO
Türkiyə səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Şəhidlər məscidində Qafqaz İslam Ordusunun komandanı, Bakının xilaskarı Nuru paşanın (Nuri Killigil) əbədiyyətə qovuşmasının 75-ci ildönümü, Qafqaz İslam Ordusu şəhidləri və bütün şəhidlərimizin ruhlarına ithafən Qurani-Kərim tilavəti və oxunan xətmlərin duası proqramı təşkil edilib.
1news.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə səfirliyinin din xidmətləri müşaviri İhsan Açık açıq elan edib. Tədbirin 1918-ci ildə Bakının işğaldan azad edilməsində müstəsna rol oynayan Qafqaz İslam Ordusunun komandiri, Bakının xilaskarı ləqəbini almış Nuru paşanın 2 mart 1949-cu ildə əbədiyyətə qovuşmasının 75-ci ildönümü münasibətilə təşkil edildiyini bildirib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu ifadə edib. Şəhidlər bu vətəni bizə əmanət etdilər, bizim də vəzifəmiz onları unutmamaq və daima dualarla, zikirlərlə onları anmaqdır deyə bildirib. Eyni zamanda, Bakı şəhəri Şəhidlər məscidində hər ay mütəmadi olaraq şəhidlərimiz üçün anma proqramlarının təşkil edildiyini qeyd edib.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov, Sadiq Ramizoğlu və Səxavət Əlixanov tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.
Anım proqramında iştirak edən Türkiyə Respublikasının Azərbaycandakı səfiri dosent Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Nuru paşa və onun əsgərlərinə, ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyib. O, öz çıxışında Nuri paşanın qəhrəmanlıqlarla dolu həyatına diqqət çəkib, iki dövlət arasındakı tarixi qardaşlıq nümunələrindən bəhs edib.
Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub, daha sonra Şəhidlər məscidinin imamı Şayiq Əliyev tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.