STP Şirkətlər Qrupu növbəti inkişaf layihəsini təqdim etdi - FOTO
STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramı çərçivəsində “Zərif Mühəndislər” gənc mühəndis xanımların inkişafı layihəsinə start verir.
STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihədə iştirak etmək istəyən gənclər aprel ayında Təhsilin İnkişafı Fonduna müraciət edərək proqrama qoşula biləcəklər. Müraciətlərə STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu tərəfindən yaradılmış “Təqaüd Komitəsi” tərəfindən baxılacaq və seçilən namizədlər may ayında müsahibə mərhələsinə dəvət olunacaqlar. Avqust ayından başlayaraq isə müsahibə mərhələsini uğurla keçən 50 namizəd üçün STP Şirkətlər Qrupunun istehsal sahələrində mütəxəssislər tərəfindən xüsusi inkişaf təlimləri təşkil ediləcək. Həmçinin, tədris ilinin sonuna qədər davam edəcək layihə çərçivəsində iştirakçılar STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər.
Layihənin təqdimatında çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov gənc kadrların yetişdirilməsinin vacibliyindən danışdı: “STP Şirkətlər Qrupu üçün gənc kadrların inkişafı prioritet məsələlərdəndir. Ötən il ərzində “Sabahın Gücü” İnkişaf Proqramı 50 gənc mütəxəssis yetişdirdi, hazırda onların böyük əksəriyyəti bu gün peşəkar mütəxəssis kimi STP Şirkətlər Qrupunda və digər müxtəlif müəssislərdə çalışır. Uğurlu nəticələr əldə etdiyimiz bu təşəbbüsün davamı olaraq bu gün yeni layihəyə start veririk.”
Həmçinin tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və millət vəkili Nigar Arpadarai iştirak ediblər. Bu kimi layihələrin gender bərabərliyi baxımından vacib olduğunu vurğulayan Bahar Muradova çıxışı zamanı bunları söylədi: “Bu gün gender bərabərliyi cəmiyyətdə müzakirə olunan əsas məsələlərdəndir. Sənaye sahəsində fəaliyyət göstərən mühəndislərə baxdıqda bu sahəyə xanımların marağının az olması hiss olunur. Sözsüz ki, bu məsələdə uzun illər ərzində formalaşmış stereotiplər də öz rolunu oynayır. Bu təşəbbüsün məhz bu formalaşmış stereotipləri qırmaq, xanımlarımıza öz fərdi və peşəkar inkişaflarında kəşf edə biləcəkləri yeni sahələri göstərmək üçün uğurlu bir layihə olacağına şübhəm yoxdur”. Tədbirdə iştirak edən digər qonaq, millət vəkili Nigar Arpadarai sənaye sahəsində kadr yetişdirilməsi üçün vacib olan bu təşəbbüsdən dolayı təşkilatçıları təbrik edib: “Gender bərabərliyi ilə yanaşı bu kimi layihələrin gənc kadrların yetişdirlməsi, sözügedən sahədə mütəxəssislərin formalaşdırlması baxımından cəmiyyət üçün çox faydalı olacağına əminəm. Bilirsiniz ki, ən uğurlu sərmayə təhsilə edilən sərmayədir. Bütün iştirakçılara uğurlar arzu edirik!”
Sonda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu günədək Fond tərəfindən, tərəfdaş qurumların dəstəyilə 180 xanıma təqaüd verildiyini diqqətə çatdırıb. “Zərif mühəndislər” layihəsinin xüsusiyyəti odur ki, təqaüdlə yanaşı qızlara mentorluq ediləcək, təlimlər keçiriləcəkdir. Təhsilin əsas məqsədinin əmək bazarının tələblərinə uyğun kadr hazırlanması olduğunu vurğulayan sədr, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan layihənin də sırf bu məqsədə xidmət etdiyini bildirib.
Layihə haqqında əlavə və yenilənən bütün məlumatları *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsindən (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.
Məlumat üçün qeyd edək ki, STP Şirkətlər Qrupunun həyata keçirdiyi İnkişaf Proqramından son 3 il ərzində 200-dən çox gənc istedad faydalanıb. Onların arasında həm mühəndislik, həm texniki ixtisaslar üzrə məzunlar olub. 2024-cü il üçün hədəflər daha iddialı, proqram daha zəngindir. Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri üzrə və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.
Reklam hüququnda