Kamaləddin Qafarov: “Zəfərimiz siyasi islahatlara yeni təkan verdi”
“Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində ilk növbədə işğala son qoyması və keçən il ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatların əhəmiyyəti daha qabarıq formada özünü göstərir.
Bu baxımdan siyasi islahatların rolu xüsusi qeyd oluna bilər və onlardan biri də 2020-ci ildə keçirilmiş növbədənkənar Parlament seçkiləri olmuşdur. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə bütün siyasi qüvvələrin iştirak etməsi ölkədə demokratiyanın getdikcə daha da dərinləşməsini nümayiş etdirmişdi.”
Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev həmin ilin mart ayının 10-da keçirilmiş altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında ən vacib məsələlərdən biri kimi ölkənin siyasi sisteminin inkişafında çoxpartiyalılığın yeri və rolu ilə bağlı oldu. “Məlumdur ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Buna görə də Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirdilər və bu təcrübə indi də davam etdirilir. O cümlədən qanunvericilik sahəsində siyasi sistemin daha da təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən bundan sonra da lazımi addımlar atılacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır.”
K.Qafarovun fikrincə, bu gün ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır: “Artıq neçə müddətdir ki, bütün sahələrdə aparılan kadr islahatları da təsdiq edir ki, ölkədə keçirilən islahatlar çoxşaxəli və əhatəli xarakter daşıyır. O cümlədən, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılan təmizləmə işləri, birmənalı olaraq, xalqın iradəsini ifadə edir və milli maraqlara söykənir. Sözsüz ki, milli maraqların qorunması konsepsiyası mütləq şəkildə gənc nəslin sağlam vətənpərvər ruhda formalaşmasını da nəzərdə tutur. Buna görə də Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Prezident cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Bu, düşünürəm ki, deputatlarımız qarşısında qoyulmuş mühüm vəzifədir və onun effektiv icrası üçün bütün imkanlar səfərbər olunmalıdır”.