Astara Pedaqoji Kollecində nöqsanlar aşkar edilib, işən çıxarılan var
Xəbər verdiyimiz kimi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.
Agentlikdən 1news.az-a verilən xəbərə görə, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.
Nəticədə Agentliyin 26 dekabr 2023-cü il tarixli əmri ilə filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib. Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır.
Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Bildirilib ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.