ASAP tərəfindən Kanadada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Forumu keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Kanadada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiyasiyası və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə Kanadanın Toronto Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Forumu keçirilib.
1news.az xəbər verir ki, 100-ə yaxın gəncin iştirakı ilə baş tutan forumda giriş sözü ilə çıxış edən Milli Məclisin deputatı, COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai ekoloji proseslərdə gənclərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, korporativ məsuliyyət kimi mövzulardan danışıb, COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində Azərbaycanın fəal rolunu vurğulayıb.
Daha sonra çıxış edən ASAP-ın icraçı direktoru Sevda Mansurova iqlim dəyişikliyi ilə mübarizədə qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyi, beynəlxalq əməkdaşlıqların qurulmasında gənclərin və gənclər təşkilatlarının körpü rolunu oynamasının əhəmiyyətindən danışdı.
Panel müzakirəsi formatında davam edən tədbirdə Məsud Əfəndiyev, Feridun Hamdullahpur, İlqar Məmmədov, Waseem Chaudhry, Jude Kong, İbrahim Dincer, Əminə Salmanova, Ulduz Rəhimov və Ali Eslami kimi professor və ekspertlər yaşıl enerji, təbiət, biomüxtəliflik və qlobal dünyamızın qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanılması, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıblar.
Qeyd olunub ki, COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə yüksək etimad və hörmətinin göstəricisidir. Forumda eyni zamanda COP29 tədbirinin ölkəmizdə keçirilməsinin gənclər üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparılıb, ekspertlər tərəfindən suallar cavablandırılıb.