Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, erməni işğalından azad olunan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 35 ailə olmaqla, 134 nəfər Füzuli sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 631 ailənin, yəni 2379 nəfərin məskunlaşması təmin edilib.
***
09:07
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib.