Şuşada “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi” adlı elmi toplantı keçirilib
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib.
1news.az xəbər verir ki, bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.
Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib.
Sonra TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxış edib. Ürək-damar cərrahlarının Şuşada keçirilən elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etməsinə və təcrübə mübadiləsi aparmasına mühüm töhfə verəcəyini bildirib.
AÜDCC-nin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahları və kardioloqların çıxışlarına yer ayırıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləməsi və təcrübə mübadiləsi üçün faydalı olacağını bildirib.
Daha sonra toplantı panel müzakirələrlə davam edib. Çıxışçılar "Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar", "Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?", "Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma", "Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları", "Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?", "Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə", "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" və "Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika" mövzularında təqdimatlar edib, mövzular ətrafında diskussiya aparılıb.