Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb.
1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Qərar imzalayıb.
Qərara əsasən, “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə” bölməsinə "Qarabağ Universiteti fəlsəfə doktoru üzrə" bəndi əlavə edilib.
Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə 21-ci hissə - "Qarabağ Universiteti" əlavə olunub.
Həmçinin, “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilib. Bundan başqa, “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilib.