Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür
Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov XX əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib.
Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də yeni nəsil onlarla tanış olur və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun anadan olmasından 89 il ötür.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində ali təhsil almış, 1962-1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971-1973-cü illərdə isə Ali rejissor kurslarında oxuyub.
Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışıb, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.
Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenariçi və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin altmışıncı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xəti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarca teatrda tamaşaya qoyulub. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib.
Onun əsərlərində yaratdığı dünyalar - əbədi yayın hökm sürdüyü Abşeron bağlarının füsunkar səltənəti, Bakının köhnə sarayları - həyatın həmişə qaynadığı “İtalyan” küçələri, torşerlərin yumşaq işığı ilə işıqlandırılan şəhər mənzilləri və onların sakinlərinin məhəbbət və işıqla qarşılıqlı anlaşmaya can atan ümidləri bu gün də yaşayır.
Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz bir çox müxtəlif tədbirlər, yeni kitabların nəşrini həyata keçirib və “Püstə ağacı” hekayəsi əsasında tamaşanı səhnəyə qoyub.