Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcək
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş «Yaşıl ölkə-2024» ekoloji avtomobillərin yürüş-festivalı 12 may 10.00-da başlanacaq.
Bu barədə tədbirin təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi səhifəsində məlumat verilir. Tədbir AADA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə baş tutacaq.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Eyni zamanda Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində geniş miqyasda keçiriləcək ekoloji avtomobillər yürüş-festivalı simvolik məna daşıyır.
«Yaşıl ölkə» layihəsi iki hissədən ibarətdir. Ekoloji avtomobillərin yürüşü Heydər Əliyev Mərkəzindən start alacaq. Yürüşün finişi və ekoloji avto-sərgi Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzində gerçəkləşəcək. Abşeron Logistika Mərkəzi həm də regionun ilk «yaşıl» logistika mərkəzidir. Məhz bu mərkəzdə qonaqları maraqlı tanıtım turu, ən yeni ekoloji avtomobillərin təqdimatları, uduşlu müsabiqələr gözləyir. Konsert proqramının bəzəyi məşhur ifaçılar Jeyhun Səmədov və “Dərviş Band” olacaqlar.
Festivalda məktəblilər arasında «Gələcəyin avtomobili» rəsm müsabiqəsinin qalibləri də elan olunacaq.
Maraqlıdır ki, bu il 25 yaşını qeyd edəcək ölkənin ilk biznes-assosiasiyalarından biri - AADA festival ərəfəsində öz loqotiini yeniləyərək, «yumşaq rebrendinq» həyata keçirdi. Belə ki, assosiasiyanın əvvəlki emblemində sürət və aqressiv dinamikanı simvolizə edən qırmızı rəng ekologiya «nəfəsli» yaşıl ilə əvəzləndi.