Son bir ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 min nəfərə xidmət göstərilib - FOTO
TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.
TƏBİB-dən 1news.az-a verilən məlumata görə, son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib
Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsinin əsaslı təmirindən və müasir tibbi avadanlıqlarla təchiz olunmasından sonra şöbəyə müaraciət edən pasiyentlərin də sayında artım müşahidə olunub. Son bir ildə şöbəyə zəhərlənmə səbəbilə 5548 nəfər qəbul edilib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək rəqəm hesab edilir.
Onlardan 500-ü uşaq, 2020-si kişi, 3028-i qadın olub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında aparılan müayinə və müalicə proseslərindən sonra sağlamlığına qovuşublar.
Zəhərlənmə halları arasında dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri halları üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, Toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrokorporal metodlardan istifadə edilir. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün Barokamera bölməsi də fəaliyyət göstərir.
Şöbə süni tənəffüs aparatları, defebrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz olunub və sutkanın 24 saatı fəaliyyət göstərir. Reanimasiya otaqlarında 4-ü uşaq çarpayısı olmaqla, dördfunksiyalı 12 çarpayı, monitorlar, infuzomatlar, perfuzorlardan, kəskin böyrək çatışmazlığı halları üçün isə iki yerlik hemodializ və osmos aparatından istifadə edilir.