Bakıda kartlardan oğurluq edən şəxs saxlanılıb
Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.
Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.
Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.
E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.