Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat nəticəsində 25 əcnəbi saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, müxtəlif ölkələrin vətəndaşı olan 25 nəfər saxlanılıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya Azərbaycandan tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Məlumata görə, Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.