QDF “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib
İyunun 25-də “PAŞA Holding” və BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən “COP29-a gedən yol” proqramı çərçivəsində ikinci tədbir baş tutub.
1news.az xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondu “Yaşıl guşə” ilə iştirak edib. Xüsusi tərtibatla hazırlanan və ətraf mühitin qorunmasına həsr edilən guşə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Guşəni ziyarət edən “PAŞA Holding”in müştəri və tərəfdaşları “Yaşıl guşə”, eləcə də Qarabağ Dirçəliş Fondunun layihələri ilə tanış olublar.
“Yaşıl guşə”ni ziyarət edən şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən layihələr, xüsusən də Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı ilə bağlı geniş məlumat verilib, interaktiv monitor vasitəsilə Parkın planı əyani şəkildə nümayiş etdirilib. Eləcə də Zəngilan şəhərinin girişində 30 min ağacdan ibarət meşə massivinin salınması ilə bağlı məlumat diqqətə çatdırılıb.
Eyni zamanda ziyarətçilər erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji sıyqırımı – ekosidlə də tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, “29 İqlim söhbəti: COP29-a gedən yol” proqramının əsas məqsədi qlobal iqlim problemi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyətə təkan vermək və dialoq yaratmaqdır.
Bu silsilədən “PAŞA Holding”in dəstəyi ilə təşkil olunacaq növbəti tədbirlərdə benefisiar qismində yerli və beynəlxalq media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı, spiker qismində isə BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin çıxışlarının təşkili nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “COP29-a gedən yol” proqramı çərçivəsində keçirilmiş iki tədbir üzrə “PAŞA Holding”in əməkdaşları, müştəri və tərəfdaşları tərəfindən Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə 100-dən çox ağac ianə edilib. İanə etmiş şəxslərə “PAŞA Holding” tərəfindən simvolik olaraq dibçəkdə bitki hədiyyə edilib.