14 iyul 1969-cu il: Xalqa bağışlanan ömür - FOTO
İyulun 11-də Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ziyafət Əsgərov, Kamaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər və orta ümumtəhsil, tibb, mədəniyyət müəssisələrinin, QHT-lərin rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etdi, həm də yeni idarəçilik məktəbi formalaşdırdı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Dahi şəxsiyyət şah əsəri olan müasir müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etdi. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.
Məruzə nitqi ilə çıxış edən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyafət Əsgərov çıxışında qeyd etdi ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. “Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası- ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında qeyd etdi ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva çıxışlarında qeyd etdilər ki, Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndər nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb.
“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri sədri Tural Nurməmmədov qonaqları Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotolarının xalça üzərində toxunmuş nümunələri ilə tanış edib.