Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb
Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir sayəsində Faiq Cəbiyev və Namiq Xanməmmədov hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.