Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya
Zamanla tur şirkətləri tərəfindən müştərilərinin aldadılması ilə bağlı məlumatlarla rastlaşırıq.
İnsanlar endirimli qiymətdən yararlanaraq bir neçə ay əvvəldən səyahət paketi alırlar. Bəzi hallarda səyahətin vaxtı yaxınlaşdıqda, məlum olur ki, turizm şirkəti tərəfindən aldadılıblar.
Belə problemlərdən biri ilə oxucumuz Şərafət Məmmədova qarşılaşıb.
1news.az-a müraciət edən vətəndaş bildirir ki, “Matrix Oasis” turizm şirkəti onları aldadıb.
Belə ki, onlar 2024-cü ilin iyul ayında Türkiyənin Bodrum şəhərində istihət üçün əvvəlcədən yanvar ayından ödəniş edib bilet alıb. O deyir ki, ümumilikdə 6600 manata başa gələn səyahət paketi üçün ödənişin bir hissəsini yanvar ayında, digər hissəsini isə may ayında ödəyib. Bununla bağlı turizm şirkəti tərəfindən onlara möhürlü müqavilə də verilib. Ailə də bütün planlarını bu səyahətə uyğunlaşdırıb. Ancaq müqavilədə qeyd edilən tarixə 3 gün qalmış şirkət tərəfindən zəng gəlib və səfərin baş tutmayacağını, 10 gün sonraya dəyişdiriləcəyini bildiriblər. Ailə isə bunun onlara uyğun olmadığını, verdikləri ödənişin geri qaytarılmasını tələb edib. İddiaya görə şirkətin nümayəndəsi əvvəlcə buna razı olsa da daha sonra vaxtı uzatmağa başlayıb. Aldadıldığını görək ailə bununla bağlı polisə müraciət edib.
Ş.Məmmədova bildirir ki, bu məsələsə zərərçəkən tək onlar deyil.
“Bizimlə bərabər bir neçə ailə var ki, onlar da tur şirtkəti tərəfindən aldadılıb. Biz ödənişi Şəfiqə Fərzəliyevaya etmişik. Ödəniş edən zaman , “Matrix Oasis” şirkətinin rəhbəri Nuridə xanım da otaqda olub, elə onun gözü qarşısında ödəniş olunub. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bizim müraciətimizə həssaslıqla yanaşsınlar. Mən öz təqadümdən yığdığım pul ilə tur üçün ödəniş etdim, amma aldadıldım. Şirkət məsuliyyətdən yayınmaq üçün bildirdi ki, öz "instagram" səhifələrində Şəfiqə Fərzəliyevanın əmək müqaviəsinə xitam verməsi ilə bağlı paylaşım etsə də daha sonra həmin paylaşım səhifədən silindi. Şirkətin rəhbəri Nuridə xanım isə, özlərinin də Şəfiqə Fərzəliyevadan şikayətçi olduğunu qeyd edib. Halbuki biz ödənişləri onun yanında etmişik. Müqavilədə şirkətin möhürü var”.
Məsələ ilə bağlı “Matrix Oasis” turizm şirkətinin rəhbərləyindən 1news.az-a bildirilib ki, onların özü də zərər çəkib.
“Belə bir hadisənin baş verdiyinə görə təəssüf keçiririk. Biz illərdir güvən qazanmış bir turizm şirkətiyik. Keçmiş əməkdaşımız Şəfiqə Fərzəliyeva bir neçə müştərini aldadıb. Eyni zamanda bildiririk ki, biz Şəfiqə Fərzəliyevanı işdən çıxarmışıq və onun bizə vurduğu ziyanla bağlı polisə müraciət etmişik. Biz ondan müştərilərə və bizə vurduğu ziyanı ödəməməsin tələb etmişik, əvvəl evini satıb dəyən zərəri ödəyəcəyini bildirsə də daha sonra verdiyi vədə sadiq olmadı. Biz də bunu nəzərə alaraq polisə müraciət etdik. Şəfiqə Fərzəliyeva ödənişi yarımçıq etdiyi üçün ləğv edilən turlara görə, bizim özümüzə 20 min manata yaxın cərimə yazılıb. İllərlə fəaliyyət göstəririk, heç bir neqativ halla qarşılaşmamışdıq. Qeyd etdiyim kimi, müştərilərin güvənini qazanmış bir turizm şirkətiyik”.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən tur şirkəti barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalara başlanılıb.
“Zərərçəkən şəxslərin dairəsi müəyyən olunaraq hər biri polis orqanına dəvət edilib və izahatları alınıb. Məsələ diqqətdə saxlanılmaqla zəruri qanunauyğun tədbirlərin görülməsi təmin olunacaqdır”.
Qeyd edək ki, mövqelərini işıqlandırmaq üçün “Matrix Oasis” turizm şirkətinin sabiq əməkdaşı Şəfiqə Fərzəliyeva ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
Qarşı tərəfin də mövqeyini saytımızda işıqlandırmağa hazırıq.