Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür
Bu gün görkəmli teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətovun anadan olmasının 77-ci ildönümü tamam olur.
1news.az xəbər verir ki, Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır.
O, 1947-ci ildə görkəmli rejissor Zəfər Nemətovun ailəsində Bakıda dünyaya göz açıb. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965-1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olub, 1973-1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974-1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirib və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olub, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri - direktoru vəzifəsini tutub.
Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilib.
Azərpaşa Nemətov Akademik Milli Dram Teatrının səhnəsində Rüstəm İbrahimbəyovun “Biganələr oteli” (1984), Arif Süleymanovun “Tufandan əvvəl” (1987), Elçinin “Ah, Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998),“Mənim ərim dəlidir. Diaqnoz D” (1999), Uilyam Şekspirin “Hamlet” (2002), İlyas Əfəndiyevin “Boy çiçəyi” (2011), Əli Əmirlinin “Şah Qacar” (2013), Cəlil Məmmədquluzadənin “Ölülər” (2016), Cəfər Cabbarlının “Almaz” (2017), E.Əfəndiyevin “Cəhənnəm sakinləri” (2017) tamaşalarına quruluş verib.
Azərpaşa müəllim, həmçinin 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar”, 2013-cü ildə isə “Səni axtarırıq…” adlı filmlərin rejissoru olub.
Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməyib.
Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülüb.
Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını alıb, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
O, 2023-cü il aprelin 9-da 76 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn edilib.