Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - YENİLƏNİB
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovla Abşeron rayonunda keçirilən vida mərasimi başa çatıb.
1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidlərin nəşi Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
11:49
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovun meyitlərinin qalıqları Abşeron rayonuna gətirilib.
1news.az-ın “Report”a istinadən məlumatına görə, hazırda Mehdiabad qəsəbəsində şəhidlərlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elman Camalov 1970-ci il iyunun 23-də anadan olub. O, 1992-ci il yanvarın 26-da Daşaltı kəndində itkin düşüb. Şəhidin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.
Əbülfəz Əbilov 1961-ci il fevralın 12-də anadan olub. O, 1994-cü il yanvarın 19-da Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində itkin düşüb. Ə.Əbilovun qalıqları Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.
Cavanşir Hüseynov 1960-cı il iyulun 15-də anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Şəhidin qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar edilib.
Tahir Şirinov 1959-cu il avqustun 23-də anadan olub. T.Şirinov 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Onun qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.
A.Camalov, Ə.Əbilov, C.Hüseynov və T.Şirinov Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.