“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası aralıq hesabatını təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası aralıq hesabatını təqdim edib

11:15 - 20 / 08 / 2024
“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası aralıq hesabatını təqdim edib

“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar aralıq hesabatını təqdim edib.

1news.az-ın “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən məlumatına görə, hesabatda bildirilib ki, Koalisiya ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox müşahidəçi ilə müşahidə aparacaq. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.

Koslisiya tərəfindən cəlb edilmiş müşahidəni aparacaq şəxslər bütün ölkə üzrə müşahidə hüququ əldə etmək üçün Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçiblər.

Artıq müşahidəçi kimi qeydə alınmış şəxslər müşahidə aparılması qaydaları, onların hüquqları və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə əskini tapan digər məsələlərlə bağlı onlayn təlimlərə cəlb olunub.

Müşahidəçilərin hər birinə Koalisiyanın adı və nişanları olan yaxalıq, akt şablonları verilib. Müşahidəçilərin hər birinə MSK-nın hazrladığı Milli Məclisə seçkilərdə “Müşahidəçilər üçün yaddaş” kitabçasının elektron variantı göndərilib.

“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB, “Hüquqi Təhlil və Araşdırmalar İB, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB tərəfindən yaradılıb.

Seçki Müşahidə Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar, ayrı-ayrı namizədlər, habelə seçkilərin monitorinqini həyata keçirən beynəlxalq təşkilatların nümayəndələri, ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq, həmçinin müvafiq sorğular əsasında rəyləri, məlumatları toplayır.

Koalisiya mediada, eləcə də bütün açıq mənbələrdə seçkilərlə əlaqədar xəbərlər, məlumatların toplayaraq sistemləşdirir və hesabatların hazırlanmasında nəzərə alır.

Koalisiya seçkiqabağı mühiti aşağıdakı kimi qiymətləndirib:

Seçkilər ərəfəsində Azərbaycandakı ictimai-siyasi mühit tam sabitdir. Seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, təlatümlü proseslər müşahidə edilmir.

Mərkəzi Seçki Komissiyası seçicilərə adlarını seçici siyahılarında yoxlamağa, seçici siyahılarında adları olmadığı halda, ora əlavə olunmaq üçün imkanlar yaradıb.

İnternet media və sosial media bütün maraqlı tərəflərə, siyasi partiya və namizədlərə öz fikirllərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. 2024-cü il sentyabrın 1-nə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin olunmasının hüquqi əsasları, “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisin qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı, Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və MSK qərarları bütün platformalarda geniş müzakirə edilib, ictimai və siyasi debatların mövzusu olub. Növbədənkənar seçkilərin təyin edilməsi ilə əlaqədar məlumatların, fikirlərin, tənqidi mülahizələrin azad yayılması, açıq müzakirəsinə maneələr yaradılması ilə əlaqədar hər hansı hal qeydə alınmayıb.

Alternativ informasiya məkanı və mənbələrin formalaşması, ictimai məlumatlandırma imkanları genişlənib. Bütün bunlar isə ümumilikdə məlumatlandırma və maarifləndirmənin miqyasını daha da genişləndirib. İctimaiyyət bütün siyasi spektri əks etdirən məlumat mənbələrinə çıxışla müxtəlif nöqteyi-nəzər, mövqelərlə tanış olmaq imkanına malikdir.

MSK növbədənkənar seçkilərlə əlaqədar qanunvericlikdə nəzərdə tutulmuş prosedurlar, atıalacaq addımlar haqqında çevik məlumat yayıb və seçkilərlə əlaqədar məlumatlar MSK saytı vasitəsilə əlçatan olub.

Siyasi partiyalara, namizədlərini irəli sürən şəxslər və bütün maraqlı tərəflərə qanunvericiliklə qadağan edilməyən bütün növ fəaliyyətlərin həyata keçirilməsinə şərait yaradılıb. İcra hakimiyyəti strukturlarının, yerli özünüidarəetmə orqanları və seçki adminstrasiyasının qanun çərçivəsində fəaliyyət göstərdiyi və kənar müdaxilələrin olmadığı qeydə alınıb.

Namizədlərin qeydiyyat və imzaların toplanılması ilə bağlı vəziyyət belədir:

Namizədlər qeydiyyat və imzaların toplanılması mərhələsində ümumilikdə hər hansı bir süni əngəl və təzyiqlərlə üzləşmədiklərini bildiriblər. Bütün açıq mənbələrdən, namizədlərlə, QHT-lər-lə keçirilən görüşlərdən əldə olunmuş məlumatlar deməyə əsas verir ki, imzatoplama kampaniyası sakit məcrada, qanunvericiliyin tələblərinə əməl olunmaqla keçib. Seçki adminstrasiyası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının kampaniyaya müdaxiləsi, təzyiqlərlə bağlı hər hansı ciddi fakt qeydə alınmayıb.

Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri olan 2 namizəd sosial şəbəkələr vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada toplanmış və təqdim olunmuş imzaların etibarsız sayılması ilə verilmiş qərarların qanunsuz olduğunu və subyektiv yanaşmanı əks etdirdiyini bildiriblər.

Bir neçə namizədlərin imzatoplama kampaniyasına Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin, Bələdiyyələrin əməkdaşlarınl cəlb etmək cəhdləri barədə məlumatlar daxil olmuşdur.

Namizədlərin qeydiyyatı aşağıdakı kimi olub:

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Ümumilikdə, 1508 nəfər namizədlik üçün müraciət edib. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqləri verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb. Beləliklə, 145 nəfərin (12%) namizədliyi qeydə alınmayıb.

Koalisiya MSK məlumatları və açıq mənbələr əsasında qeydə alınmış namizədlərlə əlaqədar təhlil aparıb.

Namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimi olmuşdur:

18-39 yaş: ~39,4%

40-59 yaş: ~43.0%

60 yaş və yuxarı: ~17,6%

Gender bölgüsünə əsasən namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir:

Qadın – 26.4%

Kişi – 73, 6%

Namizədliyi qeydə alınan nəfərdən 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

QHT nümayəndələrinin seçki prosesində aktiv iştirakı müşahidə olunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb. QHT nümayəndəsi kimi 17 seçki dairəsində (5, 16, 24, 29, 33, 35, 44, 60, 65, 71, 81, 82, 98, 107, 108, 122, və 125) ümumilikdə, 20 namizəd qeydə alınıb. Bu namizədlərin 16-sı QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir.

QHT namizədlərin gender tərkibi bərabərdir: 10 nəfər qadın, 10 nəfər kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.

Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. 5 nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.

Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb. Ümumilikdə, QHT sektorundan seçkilərdə 30 nümayəndənin iştirak etdiyini qeyd edə bilərik.

Namizədlərdən 30 nəfəri isə bələdiyyə üzvü və qulluqçularıdır. Onlar Səbail, M.Ə.Rəsulzadə, Nərimanov, Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, Binəqədi, Yasamal, Xocasən, Sumqayit, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyələrindən olan üzv və qulluqçulardır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.

Daha çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir.

Seçki siyahılarının dəqiqləşdirilməsi ilə bağlı vəziyyət aşağıdakı kimidir:

"ASAN xidmət" mərkəzlərində olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Siyahıda adları olmayan seçicilər seçki günü qeydiyyatda olduqları ərazidə yerləşən seçki məntəqəsinə şəxsiyyət vəsiqələrini təqdim etməklə əlavə seçici siyahısına adlarını yazdıra və səs verə bilərlər.

Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb.

Koalisiya qeyd etməyi vacib bilir ki, seçicilərin adlarını seçici siyahısında yoxlaması imkanları və hansı seçki məntəqəsində səs verməli olduqlarını necə öyrənə bilmələri barədə məlumatlı olmaları üçün seçki administrasiyası səylərini gücləndirməli və məlumatlandırmanın intensivliyi artmalıdır.

QHT nümayəndələrinə vətəndaşlardan daha çox müraciət məhz hansı seçki məntəqəsində səs verməli olduqlarını necə öyrənə bilmələri, qeydiyyatda olduğu ünvanda yaşamayanların necə səs verməli olduğu haqqındadır. Seçki gününə qalmış müddətdə bununla əlaqədar plakatlar, sosial çarxlar, rəsmi açıqlamalarla məlumatlandırma intensivliyi artırılmalıdır. Yerli bələdiyyələrin də bu prosesə cəlb olunması bu istiqamətdə əylərin səmərəliliyini artıra bilər.

Seçkiqabağı təşviqatla bağlı vəziyyət belədir:

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası avqustun 9-dan etibarən başlanıb. Seçki Məcəlləsinin tələblərinə görə, təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Mərkəzi Seçki Komissiyasının Təqvim Planına və Seçki Məcəlləsinin tələblərinə, həmçinin digər təlimatlara və hüquqi aktlara uyğun olaraq aparılır. Seçkilərin keçirilməsi üçün məntəqə seçki komissiyaları formalaşıb. Məntəqələrin kifayət qədər avadanlıqları, inventarı, lazım olan digər vasitələri var. Məntəqələr bunların hamısı ilə təmin olunub.

Hər bir seçki məntəqəsinin qarşısında təşviqat lövhəsi var. Orada namizədlər öz plakatlarını yerləşdiriblər. Lakin ilkin müşahidələrimiz göstərir ki, bəzən namizədlər arasında qeyri-sağlam rəqabət aparılması, nəticədə təbliğat plakatlarının bəzi məntəqə ərazilərində posterlərin qəsdən yararsız vəziyyətə salınması ilə müşahidə olunur. Lakin bu kütləvi hal daşımır. Bəzi plakatlarda zəruri rekivizit məlumatlarının olmaması ilə əlaqədar məlumatlar da daxil olur. Həmçinin, seçki platformalarının plakatların yanında yapışdırılmasına yol verilmədiyi qeyd edilir. Bir sıra hallarda görüşlərə idman klublarında məşğul olan gənclərin, müxtəlif özəl müəssisələrdə çalışan şəxslərin cəlb edilməsi halları, bir neçə halda plakatların markerlərlə yazıması, metro çıxışlarında flayerlərin paylanması zamanı polis əməkdaşlarının qısa sorğu-sual etməsi ilə bağlı məlumatlar daxil olub.

20.08.2024-cü il tarixə təşviqat kampaniyası ilə əlaqədar keçirilən tədbir, görüşlərdə, həmçinin təşviqat materiallarının paylanmasında hər hansı müdaxilə haqqında heç bir fakt qeydə alınmayıb.

Təşviqat kampaniyası dövründə kütləvi aksiyalar və seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması (açıq havada yerlər və zallar) seçki marafonuna qoşulan siyasi qüvvələrin, namizədlərin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsi sahəsində problemlərin müşahidə edilməyəcəyini söyləməyə imkan verir.

Ənənəvi media və rəqəmsal medianın monitorinqinin ilkin nəticələri isə aşağıdakı kimidir:

“Media haqqında” Qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Azərbaycan Respublikasının Konstitusiyasının “Fikir və söz azadlığı” adlandırılan 47-ci maddəsində “I. Hər kəsin fikir və söz azadlığı vardır” və “II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.” kimi fikirlər əksini tapıb.

İlkin olaraq qeyd etmək olar ki, sosial şəbəkələr vasitəsilə və internet media resurların təbliğat üçün istifadə olunma səviyyəsi çox yüksəkdir. Bunu resurlardan həm siyasi partiyaları təmsil edən namizədlər, həm bitərəf namizədlər, eyni zamanda QHT sektorunda təmsil olunan namizədlər aktiv şəkildə müxtəlif infoqrafika və elektron plakat və digər təşviqat materiallarından istifadə edirlər. Bu seçkilər bu cür materialların innovativliyi ilə fərqlənir. Belə ki, namizədlər bir sıra internet informasiya resurslarından istifadə edərək seçicilərə daha əlçatan olmağa çalışırlar.

Seçkilərin müşahidəsi ilə bağlı vəziyyət belədir:

Seçkilərin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün geniş imkanlar yaradılıb. Sadə qeydiyyat prosedurları müşahidəçi kimi vətəndaşların seçkini izləməsinə əlverişli şərait yaradıb. 12 avqust 2024-cü il tarixə qədər, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib. 5831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb. Gözlənilir ki, müşahidəçilərin sayı 90 min nəfərdən çox olacaq.

Monitorinq zamanı müşahidəçilərin qeydiyyatı ilə bağlı heç bir neqativ fakt aşakr edilməyib. Eyni zamanda məntəqələrin 20 faizi veb-kameralarla təchiz olunub. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Bu isə öz növbəsində seçkilərin yerli və xarici müşahidəçilərin ciddi nəzarəti altında keçməsi üçün zəruri mexanizmlər yaradır.

Koalisiyanın müahidələrinin ilkin nəticələri deməyə əsas verir ki, 1 sentyabr növbədənkənar parlament seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün zəruri hazırlıqlar görülüb, Seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə ictimai nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.

Koalisiya aşağıdakıları tövsiyə edir:

- Seçki gününə qədər seçicilərin adlarını seçici siyahısında yoxlaması imkanları və hansı seçki məntəqəsində səs verməli olduqlarını necə öyrənə bilmələri barədə məlumatlı olmaları üçün seçki administrasiyası səylərini gücləndirməli və məlumatlandırma ilə bağlı tədbilər həyata keçirlməlidir. Seçki gününə qalmış müddətdə bununla əlaqədar plakatlar, sosial çarxlar, rəsmi açıqlamalarla məlumatlandırma intensivliyi artırılmalıdır. Yerli bələdiyyələrin də bu prosesə cəlb olunması bu istiqamətdə əylərin səmərəliliyini artıra bilər;

- Namizədləri plakatlarının yerləşdirildiyi löhvələrə nəzarət artırılmalıdır və plaktların zədələnməsi, yararlanması ilə əlaqdar faktlar ciddi araşdırılmalı və məsuliyyət tədbirləri görülməlidir;

- Plakatların qanunla müəyyən olunmuş qaydada rekivizit məlumatlarının olmasına diqqət yetirilməlidir. DSK-lar nəzarəti artırmalıdır;

- Seçki administrasiyası sosial şəbəkələrdə “qara piar” halları ilə əlaqədar xəbərdarlıqla çıxış etməlidir;

- Onlyan səsvermə imkanları təqdim edən platformalara xəbərdarlıq edilməli və və hər hansı namizədin reputasiyasını zədələyəcək sövdələşmələrin, qanunazidd halların yolverilməzliyi və bu hallarla bağlı məsuliyyət xatırladılmalıdır. Bu cür platformalar müvafiq təhlükəsizlik standartlarına və informasiyanı arxivləşdiirb saxlamaq imkanlarına malik olmalıdırlar. Bununla əlaqədar müvafiq hüquqi tədbilər görülməlidir;

- Bir sıra namizədlərlə görüşlərə özəl müəssislərin, müxtəlif kurslarda, idman klublarında olan gənclərin müxtəlif vədlərlə cəlb olunması halları araşdırılmalı və müvafiq tədbilər görülməlidir;

- Mediada təşviqat fəaliyyətləri ilə əlaqədar qanunvericiliyin pozulması halları haqqında məlumatlara çevik reaksiya verilməli və bu barədə ictimaiyyət operativ məlumatlandırılmalıdırlar;

- DSK və MnSK-lara müşahidənin aparılması üçün şərait yaradılması və bununla əlaqədar qanunvericliyin tələblərini əks etdirən təlimat verilməlidir.

Koalisiyanın əlaqə ünvanları:

Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar və namizədləri, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatları, media subyektlərini əməkdaşlığa dəvət edir.

Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Həmçinin, Koalisiyanın Feysbuk profili vasitəsilə əlavə məlumat əldə edə və əlaqə yarada bilərsiniz.

Əlavə məlumat almaq üçün əlaqə vasitələri:

Zaur İbrahimli

E-mail: [email protected]

Tel: (012) 5954915

Votsap: (+99450) 3164694

Paylaş:
126

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər