NAYORA-nın sədri: “Azərbaycanın parlament seçkilərinə ərazi bütövlüyü ilə getməsinin tarixi əhəmiyyəti var”
“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri müstəqil Azərbaycanın böyük bir nailiyyətidir. Azərbaycanın parlament seçkilərinə tam bərpa edilmiş ərazi bütövlüyü ilə getməsinin tarixi əhəmiyyəti var”.
1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli deyib.
O bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli qürur məsələsidir: “Belə bir dövrdə parlament seçkilərinin keçirilməsi ölkənin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Növbədənkənar parlament seçkiləri Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini simvolizə edir və xalqın gələcəyə ümidlərini artırır”.
R.Hacıbəyli bildirib ki, gənclərin ölkədə gedən proseslərdə, xüsusilə seçkilərdə iştirakı çox önəmlidir: “Gənclər Azərbaycanın gələcəyidir və onların siyasi proseslərdə fəal iştirakı ölkənin gələcək inkişafına mühüm təsir göstərəcək. Gənclər olaraq Azərbaycanın parlaq gələcəyinə dərin inamla baxır və bu ölkənin gələcəyini formalaşdırmaqda hər birimizin əvəzsiz rol oynadığına inanırıq. Bu məsuliyyəti böyük həvəslə üzərimizə götürürük və irəliyə doğru əzmlə addımlayırıq”.