Bakı Təşəbbüs Qrupu və Boneyra QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, sənədlər BTQ-nin icraçı direktoru Abbas Abbasov, Boneyranın insan hüquqları fəalı, hüquq müdafiəçisi, "Pueblo Progresivo Uni"nin siyasi lideri Ceyms Fins (James Finies), Boneyra İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar tərəfindən imzalanıb.
Qeyd edək ki, avqustun 22-də Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfrans keçirilib. Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş bu beynəlxalq konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyra xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Yüksək səviyyəli iştirakçılar sırasında Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, “Karib Hövzəsi Ölkələri Birliyi” beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri də yer alıb.
Sözügedən tədbir Boneyra xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçirilib. Belə ki, tədbirdən bir neçə həftə sonra Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsi olub.