ABŞ-nin “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu keçirib
Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində yerli tərəfdaşı ilə birgə “exit-poll” keçirmək məqsədilə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu aparıb.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, sorğu iyulun 29-dan avqustun 9-dək yerli respondentlər arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində keçirilib.
“Oracle Advisory Group” təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırılıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldıqları üçün respondentlərin mövqeyi tamamilə şəffaf olub.
“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb.
Bildirilib ki, sorğuda 96 faiz iştirakçı Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib. respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirib, 9 faizi isə suala cavab verə bilməyib.
Azərbaycandakı söz azadlığı ilə bağlı suala respondentlərin 85 faizinin rəyi müsbət olub. Sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.