ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri Mətbuat Şurasında olublar
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar.
Mətbuat Şurasından 1news.az-a verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvləri – qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli, komissiyanın təmsilçiləri Yeganə Hacıyeva və Azər Həsrətin, həmçinin Şuranın icraçı katibi Əvəz Rüstəmovun iştirak etdiyi görüşdə ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar cavablandırılıb, MŞ-nin seçki ilə bağlı fəaliyyəti haqda bəhs açılıb. Bildirilib ki, qurum seçkiqabağı təşviqat mərhələsinin media orqanlarında işıqlandırılması ilə bağlı monitorinq aparır. Eyni zamanda, seçki günü medianın prosesi işıqlandırması vəziyyəti də diqqətdə saxlanılacaq.
Qeyd edilib ki, monitorinq əsasən ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə Şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “Qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanacaqlar.
Bundan başqa seçki günü MŞ-nin İdarə Heyətinin üzvləri, eyni zamanda Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaqlar, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə media təmsilçilərinin seçkini işıqlandırmaları ilə bağlı müxtəlif detallar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə ümumən Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb.