İqtisadçı ekspert: “Yeni formalaşdırılacaq parlament ilk növbədə öz funksionallığı ilə fərqlənəcək”
“Azərbaycan qarşıdakı dövrdə yeni parlamentlə daha çox nailiyyətlər əldə edə bilər”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
"Bu baxımdan sentyabrın 1-də formalaşacaq parlament Azərbaycanın qazandığı uğurları öz fəaliyyətində təkrarlayacaq. Hesab edirəm ki, Azərbaycanda parlament seçkiləri uğurla keçiriləcək və VII çağırış Milli Məclis iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə ölkəmizin inkişafına öz töhfəsini verəcək.
İqtisadçı əmin olduğunu bildirib ki, yeni formalaşdırılacaq parlament öz funksionallığı üzrə ilklərə imza atacaq: “Nəzərə alsaq ki, əvvəlkilərlə müqayisədə VI çağırış Milli Məclisdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görüldü və real addımlar atıldı. İqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlik konkret nəticələr əldə olundu. Beynəlxalq təcrübədə parlamentdə təmsil olunanlar daha çox iqtisadçılar və hüquqşünaslardır. Qeyd etdiyim fakt parlamentin fəaliyyət istiqamətini və atılmalı olan addımların sanki konturlarını cızır. O baxımdan istərdim ki, yeni formalaşacaq parlamentə seçilənlər arasında iqtisadçılar və hüqüuqşünaslar çoxluq təşkil etsin”.