Mərakeş parlamentinin nümayəndələri Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı müşahidələrini açıqladılar
Mərakeş parlamentinin nümayəndələri Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı müşahidələri ilə bağlı fikirlərini bölüşüblər.
1news.az-ın xəbərinə görə, Mərakeş Palamentinin Makiyyə-nəzarət komitəsinin sədri Məhəmməd əl Hüceyrə deyib ki, ötən gün səsvermə prosesinin başlandığı andan müşahidə missiyasına başlayıblar.
“Seçkilərin uğurlu keçməsi üçün bütün məntəqələrdə lazımi işlər görülmüşdü, müşahidələrimiz göstərdi ki, bütün qaydalara riayət olunurdu. Ciddi şəkildə seçicilərin adları yoxlanılır, daha sonra bülleten verilirdi. Eyni zamanda namizədlərin nümayəndələri də məntəqələrdə olurdu. Məntəqə sədrlərinə, orada işləyənlərinə pozuntuların olub-olmaması ilə bağlı suallar verdik, pozuntuların olmadığını dedilər. Ötən gün keçirilən seçkiləri fərqli edən daha bir məqam, Azərbaycanın bütün suveren ərazilərində, azad olunan Qarabağda keçirilməsidir. Bu demokratiya bayramı münasibəti ilə Azərbaycan xalqını, Prezidentini təbrik edirəm”.
Mərakeş parlamentinin Nümayəndələr Palatası sədrinin birinci müavini Mohamed Sabbari isə deyib ki, Azərbaycanın bütün suveren ərazilərində seçkilərin keçirilməsi əhəmiyyətlidir.
“ Biz müşahidələrimiz zamanı yüksək şəkildə təşkilatçılığa şahid olduq. İnsanlar şəffaf şəkildə səsvermə hüquqlarından istifadə etdilər. Seçki məntəqələrinin məsul şəxsləri seçicilərlə gözəl ədəb-ərkanla, etika ilə davrandığını gördük. Hər bir seçicinin gizli və şəffaf səs verməsi üçün şərait yaradılmışdı. Bu seçkilər beynəlxalq meyarlara uyğun olaraq keçirilib”.