Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür

14:21 - 03 / 09 / 2024
Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür

Vaxtilə böyük ingilis ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə səhnədə canlandırır.

Vilyam Şekspirin bu bənzətməsi ilə razılaşsaq, onu da qeyd etmək lazım gəlir ki, bəziləri bu “həyat səhnəsi”ni vaxtından əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda elə aktyor olaraq rol oynayır. Belə görkəmli insanlardan biri də sevimli sənətkarımız, görkəmli aktyor, hər bir azərbaycanlının sevimlisi, Xalq artisti Yaşar Nuridir...

1news.az xəbər verir ki, bu gün unudulmaz sənətkarın anadan olmasından 73 il ötür.

1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevimli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun”, “Ay moment” və s. ifadələr bugünkü gündə tez-tez dilimizdə işlədilir və hər dəfə “Yaşar Nuri demişkən” söylənilib bu böyük sənətkarımız yad edilir. Bütün bunlar böyük aktyorumuza olan rəğbətdən irəli gəlir.

Belə bir məşhur fikir var: “Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Həqiqətən də belədir, lakin kimlərsə bu pəncərədən çox baxır, kimlərinsə ömür payına “pəncərədən” az müddət baxmaq nəsib olur... Yaşar Nuri də bu “həyat pəncərəsindən” az müddət baxa bildi. Ancaq bu gün böyük sənətkarımızın əziz xatirəsi yaratdığı obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır.

Paylaş:
619

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər