Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.
1news.az xəbər verir ki, anadan olmasının 137-ci ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.
Yazıçı ilk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində olan "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alıb.
Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.
O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə "Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.
Yusif Vəzir həmin dövrdə "Azərbaycanın Muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, ədəbi yaradıcılığını da davam etdirib. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi-coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb.
"Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.
Repressiya dövründə - 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.
1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.
Onun “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.
1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.