Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Oktyabrın 8-də səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 16 ailə olmaqla, 60 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim olunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.
09:43
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.