Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür

17:45 - 16 / 10 / 2024
Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür

Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 98-ci ildönümü tamam olur.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xəti ilə seçilən sənətkarlardan olub.

1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olan R.Mustafayev bir il sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq şöbəsində, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal, 1953-1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında başlayan Ramiz Mustafayev 1943-1948-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, 1948-ci ildən ömrünün sonunadək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində çalışıb. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.

Bəstəkarın ümumən xalq sənətinin tükənməz xəzinəsindən qidalanan yaradıcılığına məzmun dolğunluğu və forma rəngarəngliyi xasdır. Vətən sevgisinin tərənnümü onun altmış ildən artıq bir dövr ərzində aktual mövzularla zəngin və çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil edib. Sənətkarın tarixi keçmişimizə dərin maraq oyadan “Vaqif” operası Azərbaycan Dövlət Opera və Balet Teatrında uğurlu səhnə həyatı yaşayıb.

Ramiz Mustafayevin əsərləri - opera və musiqili komediyaları, oratoriya və kantataları, vokal-simfonik poemaları, simfonik və kamera musiqiləri, marş, mahnı və romansları müasir musiqi mədəniyyətimizin nailiyyətləri sırasındadır. Fitri istedadın məhsulu olan bu sənət nümunələri həmişə rəğbət və məhəbbətlə qarşılanıb və ölkəmizin hüdudlarından uzaqlarda da müvəffəqiyyətlə ifa edilərək, müəllifinə şöhrət gətirib. Bəstəkarın vokal əsərləri unudulmaz ifaçılarımızın repertuarında səslənərək populyarlıq qazanıb. O, uzun illər Azərbaycan Televiziyası və Radiosu xorunun rəhbəri kimi, ölkəmizdə bu musiqi janrının inkişafı yolunda böyük əmək sərf edib. O, xor üçün neçə-neçə yaddaqalan əsər bəstələyib və 250-yə yaxın xalq mahnısını və təsnifi işləyib. Professional musiqi sənətimizin görkəmli nümayəndələrindən olan bəstəkar həm də tanınmış dirijor idi.

Ramiz Mustafayevin respublikamızda musiqi kadrlarının yetişdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. O, ayrı-ayrı illərdə Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində özünün bilik və təcrübəsini əsirgəməyib.

Görkəmli bəstəkar milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Ramiz Mustafayev 2008-ci il aprelin 10-da vəfat edib.

Paylaş:
673

Son xəbərlər

Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25
Bütün xəbərlər