Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”
Bu gün əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk.
Bu istiqamətdə görülən ən mühüm addımlardan biri TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" publik hüquqi şəxsin vahid mərkəzdə yaradılması oldu. "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası", "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası", "Təcili Yardım Avtobazası" publik hüquqi şəxslərin və eyni zamanda TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidləri ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan mərkəzə birləşdirilir.
Artıq bir ildən çoxdur ki, mərhələli şəkildə respublika üzrə təcili yardım stansiyaları və bölmələrinin bir çətir altında birləşdirilməsi prosesi davam etdirilir. Məqsədimiz xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə” sistemi şəklində qurulmasıdır. Hazırda 42 rayonun təcili tibbi və təxirəsalınmaz yardım stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdirilib.
Bu gün təcili yardım xidmətinin üzərinə çox böyük yük düşür. Ölkəmiz üçün əlamətdar olan günlərdə, beynəlxalq tədbirlərdə, bayram günlərində də təcili yardım gücləndirilmiş iş rejimində çalışır. Xüsusən də paytaxt Bakıda gündəlik çağırış sayları da kifayət qədər çoxdur. Gün ərzində yalnız Bakı üzrə təcili və təxirəsalınmaz yardım üçün 2000-2500 çağırış qeydə alınır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub. Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub.
Bu da müəyyən qədər yüklənmə yaradır. Bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır. Ümumilikdə, respublika üzrə təxminən 1000-ə qədər ambulans istismardadır.
Bilirsiniz ki, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanır. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Ehtiyac üzrə stansiya və filialların sayının artırılmasını da nəzərə tutmuşuq. Brifinqdə bu barədə geniş təqdimat olacaqdır.
Az öncə qeyd etdiyim kimi, keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur. İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınmışdı. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim olunub və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub. Xatırladım ki, sonuncu partiya ölkəyə gətirilən həmin 100 təcili tibbi yardım avtomobilindən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzli idi.
Son alınan avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir. Ambulans parkı tamamilə yenilənənə kimi də yeni nəqliyyat vasitələrinin alınması prosesini davam etdirəcəyik. Bu il üçün də yeni ambulansların satınalması həyata keçirilib. Yeni alınan ambulanslar ekoloji təmiz nəqliyyat vasitəsi olacaq. Bu da “Yaşıl dünya” konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlərə uyğundur.
İnnovasiya və Təchizat Mərkəzi cari ilin 17 sentyabr 2024-cü il tarixində “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlayıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir.
Satın alınması nəzərdə tutulmuş tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə qeyd edim ki, avtomobillərin daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir. Ambulanslar 2024-cü il istehsalı olması, sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallığın olması, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malik olacaqdır.
Qeyd etməliyəm ki, tibb xidmətlərin dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi üçün kadr potensialının bilik və bacarıqlarının artırılması əsas şərtlərdəndir. Bunu nəzərə alaraq, təcili tibbi yardım personalına mütəmadi olaraq təlimlər təşkil olunur. Xüsusilə də COP-29 kimi önəmli bir tədbirə evsahibliyi etdiyimiz ərəfədə təcili və təxirəsalınmaz tibbi yardıma yaranacaq zərurəti nəzərə alaraq tibb və qeyri-tibb heyətinin bilik və bacarıqlarının, dil bilgilərinin artırılması məqsədilə müxtəlif təlimlər keçirilib. Təkcə sentyabr ayında 581 nəfər təlimlərə cəlb olunub. Bu təlimlərin sırasına təməl EKQ, təməl və təkmil həyat dəstəyi (BLS və ALS), kardiologiyada təxirəsalınmaz hallar, pre hospital travma dəstəyi, abdominal sindrom, pediatrik təcili hallar və ingilis dili kimi kurslar daxildir.
İstərdim ki, TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərlə bağlı məlumatı da diqqətinizə çatdırım.
Qeyd edim ki, 2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib.
Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub.
Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub.
Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində də işlər həyata keçirilir. Bu barədə də irəliləyən dəqiqələrdə təqdimatla çıxışlar olacaqdır.
Ümumiyyətlə qeyd etməliyəm ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək. Fürsətdən istifadə edib, media nümayənədlərindən də xahişimiz ondan ibarətdir ki, problemləri, nöqsan və çatışmazlıqları işıqlandırmaqla bərabər, həm də vətəndaşlarımızın düzgün məlumatlandırılmasında və maarifləndirilməsində, görülən işlərin eyni həssaslıqla çatdırılmasında da dəstəyinizi əsirgəməyəsiniz.