Yağış yağır və küləkli hava şəraiti müşahidə olunur - Hazırda müşahidə olunan hava
Milli Hidrometeorologiya Xidməti tərəfindən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə əvvəlcədən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova 1news.az-a bildirib ki, axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Sabah, yəni 27-si səhər saatlarından yağış tədricən kəsiləcək.
"Narıncı xəbərdarlığa uyğun olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir 20.8-28.4 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb küləyi mülayimləşəcək”.
G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba , Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən, Zaqatalada arabir yağıntılı hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib.
“Bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcəyi, xüsusən də, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”.
Xidmət rəsmisi əhalinin diqqətinə çatdırıb ki, gözlənilən leysan xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər və xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirsinlər”.