Ayan Nəcəf: COP zonalarının təchizatında ekoloji təmiz və dayanıqlı enerji ehtiyacları 100 faiz təmin olunub
COP zonalarının təchizatında ekoloji təmiz və dayanıqlı enerji ehtiyacları 100 faiz təmin olunub.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.
“COP zonalarının (mavi və yaşıl) təchizatında ekoloji təmiz və dayanıqlı enerji ehtiyaclarını 100 faiz təmin etdik. COP zonalarının əsas hissəsi davamlı inkişaf ideyalarına və uzunmüddətli planlara həsr olunub. Buna baxmayaraq, bütün aspektlər əvvəlcədən yoxlanılmalı və əsaslandırılmalıdır. Biz başa düşürük ki, fiziki infrastruktur dayanıqlığı təmin etmək və uzunmüddətli istifadəyə uyğun olmaq üçün uyğunlaşdırılmalıdır”, - o bildirib.
A. Nəcəf qeyd edib ki, stadionun quruluşu daimi istifadəyə uyğunlaşdırılıb və burada bütün enerji mənbələri ekoloji həllərə və hibrid təchizat modellərinə yönəldilib.
“Biz əminik ki, dayanıqlı enerji istehlakı meyarlarına 100 faiz əməl edirik və bu yanaşmanın müxtəlif modellərini uğurla nümayiş etdirə bilərik. Bu, bizim üçün əhəmiyyətli bir addım idi. Təhlil nəticələrindən istifadə edərək praktiki həllər yarada və dayanıqlı inkişafın yeni standartlarını müəyyən edə bildik ki, bu da başqalarını bənzər addımlar atmağa ruhlandıra bilər”, – o vurğulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.