Vüqar Qurbanov: COP29 ilə bağlı TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələri hazır vəziyyətə gətirilib
“COP29 kimi böyük miqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşür”.
1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun COP29 tədbirinə dair görülən işlər barədə brifinqdə çıxışı zamanı deyib.
O, bildirib ki, TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, öz növbəsində COP29 tədbiri günlərində zəruri tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib.
“ Qeyd etməliyəm ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışmışıq” .
V.Qurbanov əlavə edib ki, COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
“Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”.