“COP29 Azərbaycana neft və qazdan asılılığı azaltmağa kömək edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“COP29 Azərbaycana neft və qazdan asılılığı azaltmağa kömək edəcək

11:54 - 01 / 11 / 2024
“COP29 Azərbaycana neft və qazdan asılılığı azaltmağa kömək edəcək

Dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələləri bu gün Azərbaycan üçün heç vaxt olmadığı qədər aktualdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi böyük beynəlxalq tədbir ərəfəsində bu məsələnin əhəmiyyəti xüsusilə artıb.

Ən mühüm qlobal ekoloji problemlər haqqında dialoq üçün platforma rolunu oynayacaq bu sammit Azərbaycanın beynəlxalq aləmdə ekoloji tərəqqinin və “yaşıl” texnologiyaların tərəfdarı kimi özünü göstərməsi üçün imkan yaradacaq.

COP29-un Azərbaycan üçün faydaları, eləcə də “yaşıl” enerjiyə keçidin iqtisadiyyata, əmək bazarına və biznesə necə təsir edə biləcəyini müzakirə etmək üçün 1news.az iqtisadçı-ekspert Rauf Qarayevlə həmsöhbət olub.

- Azərbaycan COP29-a ev sahibliyi etməklə hansı beynəlxalq və iqtisadi üstünlüklər əldə edə bilər?

- Birincisi, bu qlobal tədbir Azərbaycanın beynəlxalq arenada öz fikrini ifadə edə biləcəyi bir platforma olacaq. Tədbirdə müxtəlif dövlətlərdən beynəlxalq nümayəndə heyətlərinin təmsilçiləri, dövlət başçıları, yüksək vəzifəli şəxslər iştirak edəcək, Azərbaycan isə həm öz nailiyyətlərini nümayiş etdirmək, həm də mövcud problemləri, o cümlədən Ermənistanla münasibətlərdəki problemləri ifadə etmək imkanı qazanacaq.

İkincisi, Azərbaycan iqtisadiyyatının tarixən enerji, xüsusilə də neft və qaz yönümlü olduğunu nəzərə alsaq, digər sahələri də inkişaf etdirmək strateji cəhətdən düzgün olardı. COP29-un keçirilməsi “yaşıl” enerjinin inkişafına diqqət yetirməyə kömək edəcək. Azərbaycan artıq bu sahədə müəyyən imkanlara malikdir - məsələn, Naxçıvanda, Ələtdə günəş elektrik stansiyaları, Sumqayıt ətrafında, Quba yolunda külək stansiyaları və s. yaradılıb.

Bundan əlavə, ölkəmiz fəal şəkildə azad edilmiş ərazilərin inkişafına səy göstərir. Bu regionlar dağlıq ərazilərdə külək stansiyalarının, ovalıq ərazilərdə isə günəş stansiyalarının tikilməsi üçün əlverişlidir. Su enerjisinin də müəyyən perspektivləri var. Hazırda Azərbaycan xarici ekspertlərlə, məsələn, BƏƏ kimi inkişaf etmiş su energetikasına malik ölkələrdən olan mütəxəssislərlə fəal əməkdaşlıq edir. Onlar ölkəmizə gəlir, təcrübələrini bölüşür və su stansiyalarının yaradılmasına kömək edirlər.

Əgər “yaşıl” enerjinin inteqrasiyasına nail olsaq və onun, məsələn, Gürcüstan vasitəsilə Avropaya ixracını təşkil edə bilsək, Azərbaycan enerji balansını xeyli yaxşılaşdıra, neft və qazdan asılılığı tədricən azalda bilər. Bu, digər sahələrdən də gəlir əldə etməyə imkan verəcək ki, bu da əlbəttə ki, ölkə büdcəsi üçün faydalıdır.

- COP29-un keçirilməsinin Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiyaların cəlb edilməsi baxımından hansı əhəmiyyəti ola bilər? İnvestorların ölkəmizdə investisiya perspektivlərini görməsi üçün nə etmək lazımdır?

- Azərbaycana investisiya cəlb etmək üçün “yaşıl” enerjinin inkişafı üçün münbit şərait yaradılmalıdır. Qeyd etdiyim kimi, Azərbaycanın təbiəti bərpa olunan enerji üçün bütün imkanlara malikdir: bizim çaylarımız, bol günəşli və küləkli günlərimiz var. Bu potensialı görən investorlar belə layihələrə sərmayə qoymaqda maraqlı olacaqlar.

Lakin investisiya cəlb etmək üçün təkcə təbiət kifayət etmir. Müəyyən şərtlər təmin edilməli, stimullaşdırıcı tədbirlər görülməlidir. Azərbaycan artıq bu istiqamətdə addımlar atır - məsələn, banklar bərpa olunan enerji sahəsində fəaliyyət göstərən sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Mərkəzi Bankın “yaşıl” enerji layihələrinin kreditləşdirilməsi üçün işləyib hazırladığı xüsusi proqram potensial investorlara bu sektorda fəaliyyətə başlamaq üçün minimal faiz dərəcələrindən yararlamağa kömək edir.

İkincisi, vergi güzəştləri təmin edilməlidir. Gömrük rüsumları və daxili vergilər də daxil olmaqla 3-5 il müddətinə vergilərin azaldılması və ya aradan qaldırılması sahibkarlar, xüsusilə “yaşıl” enerji avadanlıqlarının idxalı ilə məşğul olan iş adamları üçün ciddi stimul olacaq. Bunun üçün qanunvericiliyə dəyişikliklər etmək lazım gələcək və əminəm ki, bu, böyük investorların cəlb edilməsi istiqamətində mühüm addım olacaq.

Bundan əlavə, infrastrukturun inkişaf etdirilməsi də mühüm rol oynayır. “Yaşıl” enerji sahəsində çalışan mütəxəssislər üçün komfortlu şərait yaradılmalı, dəmir yolları və hava nəqliyyatı kimi yüksək keyfiyyətli nəqliyyat şəbəkələri, həmçinin yüksək sürətli internetə və rabitə vasitələrinə çıxış imkanları təmin edilməlidir. Məsələn, Qarabağın işğaldan azad edilmiş ərazilərində artıq mühüm işlər görülür: hava limanları tikilir, dəmir yolları və magistral yollar çəkilir, qazlaşdırılma təmin edilir. Əlbəttə ki, internet xidmətləri kimi təkmilləşdirilməsinə ehtiyac duyulan sahələr hələ də qalmaqdadır, lakin inkişaf davam etdikcə bu infrastruktur da yaxşılaşacaq.

Lazımi şəraitin yaradılmasına bu cür yanaşma investorları cəlb edəcək və Azərbaycanın “yaşıl” enerji sahəsindəki potensialından maksimum yararlanmağa kömək edəcək.

- “Yaşıl” texnologiyaların tətbiqi Azərbaycanda əmək bazarına necə təsir edə bilər? Sizcə, bu, iş yerlərinin əhəmiyyətli artımına səbəb olacaqmı? Bu sahədə lazımi kadr potensialımız var?

- “Yaşıl” texnologiyaların tətbiqi, şübhəsiz ki, əmək bazarına da təsirsiz ötüşməyəcək və bu sahədə iş yerlərinin əhəmiyyətli dərəcədə artacağını gözləmək olar. Hazırda “yaşıl” enerji sahəsində kadr potensialımız kifayət qədər deyil. Bu, Azərbaycan üçün yeni istiqamətdir. Bu sahədə külək və günəş elektrik stansiyalarının tikilməsi kimi ilkin addımlar artıq atılsa da, onların fəaliyyətinin genişləndirilməsi üçün ixtisaslı mütəxəssislər tələb olunur. Bu səbəbdən, əgər Azərbaycan “yaşıl” enerjini fəal şəkildə inkişaf etdirmək qərarına gəlsə, ən mühüm addım yerli kadrların hazırlanması olacaq ki, bu da vaxt tələb edən məsələdir.

Çox güman ki, ilkin mərhələdə xarici mütəxəssisləri cəlb etmək lazım gələcək. Onlar ölkəmizdə 3-5 il ərzində işləyə və eyni zamanda yerli kadrları hazırlaya bilərlər. Bu əməkdaşlıq vasitəsilə biz təlim sistemi yarada və bəlkə də 5 ildən sonra “yaşıl” enerji sahəsində yerli ixtisaslı mütəxəssislərə sahib ola bilərik. Lakin bildiyim qədərilə hazırda bizdə belə mütəxəssislər yoxdur, ona görə də xarici ekspertlərin müvəqqəti cəlb edilməsi vacib mərhələ olacaq.

- Azərbaycan “yaşıl” enerjini inkişaf etdirərsə, biznes üçün hansı yeni imkanlar yaranacaq?

- “Yaşıl” enerjinin inkişafı, şübhəsiz ki, biznes üçün bir çox yeni imkanlar açır. Lakin sahibkarların bu istiqamətdə fəaliyyətə başlaması üçün fəal maarifləndirmə və məlumatlandırma işi təşkil edilməlidir. Əgər biznes real perspektivləri görsə, sahibkarlarda maraq və motivasiya yaranacaq. Maariflənmədən sonra “yaşıl” enerji sahəsində biznesə başlamağı asanlaşdırmaq üçün vergi güzəştləri və infrastruktur dəstəyi təmin edilməlidir. Lakin bu işə sabah yox, artıq bu gün başlanılmalıdır. Bizim bu sahədə niyyətlərimizin həqiqətən ciddi olduğunu sahibkarlara və potensial xarici tərəfdaşlara COP29-dək nümayiş etdirmək lazımdır.

“Yaşıl” enerji - xüsusilə atmosferə atılan tullantılar baxımından neftə və qaza nisbətən ekoloji cəhətdən daha təmiz alternativdir. Lakin ətraf mühitə mümkün zərəri minimuma endirmək üçün “yaşıl” enerji də müasir texnologiyalara sərmayə tələb edir. Məsələn, külək stansiyaları quşlar üçün təhlükə yarada bilər ki, bu da ekosistemimizi qorumaq üçün ehtiyatlı yanaşma tələb edir. Quşların külək stansiyalarının təsir zonasına düşməməsi üçün onların tikildiyi ərazilər üçün xüsusi tədbirlər nəzərdə tutula bilər. Bu, xərc tələb edən bir prosesdir və bu sahədə çalışan sahibkarlar dəstək almalıdırlar. Məsələn, ekoloji standartlara riayət etmək üçün qoruyucu mexanizmlərlə təchiz edilmiş müasir avadanlıqların dövlət tərəfindən icarəsini təklif etmək olar.

Bundan əlavə, “yaşıl” enerjini inkişaf etdirməklə Azərbaycan gəlir mənbələrinin şaxələndirilməsi hesabına öz iqtisadiyyatını gücləndirə bilər. Bu, bizə yalnız neft və qazdan asılı olmamağa imkan verəcək. Nümunə kimi Səudiyyə Ərəbistanına baxaq: böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, bu ölkədə günəş enerjisi fəal şəkildə inkişaf etdirilir. Onlar bu sektorın qabaqcılları sırasındadırlar. Bu, onlara təkcə iqtisadi dividendlər deyil, həm də uzunmüddətli dayanıqlı inkişaf imkanları verir. Azərbaycan zəngin təbii resurslardan istifadə etməklə, habelə iqtisadiyyatın şaxələndirilməsinə səy göstərməklə “yaşıl” enerji sahəsində öz yerini tuta bilər.

Müəllif: Leyla Məmmədova

Paylaş:
218

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər