Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək

Qafar Ağayev09:42 - 21 / 11 / 2024
Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək

Bu gün su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək.

1news.az xəbər verir ki, bu barədə BMT-nin Qlobal Sazişi Baş direktorunun Su Mandatının rəhbəri Ceyson Morrison jurnalistlərə bildirib.

"İqlim dəyişikliyinin təsirlərini azaltmaq barədə danışsaq, irəliləyişimiz kifayət qədər sürətli deyil, ambisiyalarımız hələ də kifayət qədər yüksək deyil və nəticələr hələ də qarşıya qoyulan məqsədlərə uyğun gəlmir. Eyni zamanda, iqlim dəyişikliklərinə uyğunlaşmanın və dayanıqlığın artırılmasının vacibliyini daha çox dərk edirik.

Bu və növbəti konfransda su və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri əsas müzakirə mövzularına çevrilir və qlobal adaptasiya fəaliyyət proqramı ilə müşayiət olunur. Ümid edirəm ki, bu gün qəbul ediləcək Bakı Bəyannaməsini inkişaf etdirməyə davam edəcəyik və gələn il Braziliyada keçiriləcək növbəti konfransa doğru bu impulsu gücləndirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər