Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞ
Sahibsiz buraxılan təsərrüfat heyvanlarının dəmir yolu təhlükəsizliyinə ciddi problem yaradır.
1news.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumatında qeyd olunub.
Bu ilin əvvəlindən ADY-yə məxsus qatarlar 42 dəfə sahibsiz heyvanlarla toqquşub.
Bu hadisələr nəticəsində heyvanlar tələf olub, qatarlar isə zərər görüb. Eyni zamanda, belə vəziyyətlərdə maşinistlərin təcili tormozlama etməsi lazım gəlir ki, bu da sərnişinlər və qatar heyətinin həyatını risk altına atır.
Məlumatda qeyd olunub ki, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolu xətlərindən keçirmək üçün hasarları sökürlər. Bu cür hərəkətlər yalnız təhlükəsizliyə zərər verməklə qalmır, həm də qanunvericiliklə cərimə sanksiyalarına səbəb olur.
ADY dəmir yolu xətləri boyunca, xüsusilə sıx məskunlaşma olan ərazilərdə təhlükəsizliyi artırmaq üçün ətrafı hasarlama işləri həyata keçirir. Qurum eyni zamanda, ictimaiyyəti dəmir yolu hasarlarına müdaxilə etməməyə və təhlükəsizlik məsələsində həmrəy olmağa çağırır.
Dəmir yollarında təhlükəsizliyi təmin edək – hər kəsin həyatını qoruyaq!