2024-cü ildə itirdiyimiz MƏŞHURLAR - FOTO
“On, doqquz, səkkiz, yeddi..... üç, iki, bir” - deyə ən xoş arzular və ümidlərlə yeni ilə qucaq açarkən 2024-cü ilin bizə hazırladığı gözəl və kədərli hadisələr toplusundan xəbərsiz idik.
Bir illik zaman kəsimində ölkəmizdə bir-birindən müxtəlif, gah güldürən, gah ağladan bir çox olaylar baş verdi. Bu hadisələr ictimai və mədəniyyət sahəsinin insanlarından da yan keçmədi.
1news.az 2024-cü ildə itirdiyimiz ziyalı və sənətkarlarımızı təqdim edir:
Xərçənglə mübarizə aparan Gülbahar Şükürlü yanvar ayının 5-ci günündə həyatla vidalaşdı.
Cəmi bir gün sonra isə - 6 yanvarda Azərbaycan xalqının sevimli sənətkarlarından biri olan Aygün Bəylər dünyasını dəyişdi. Müalicə üçün getdiyi Ankaradakı klinikalardan birində son nəfəsini verən müğənni dinləyiciləri ilə Heydər Əliyev Sarayında solo konserti ilə vidalaşmışdı.
Yanvar ayı daha bir ziyalının ölümü ilə də yadda qalıb. Belə ki, 9 yanvarda Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 95 yaşında İsraildə vəfat edib. Əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazan yazıçı tərcüməçi kimi də fəaliyyət göstərib.
11 yanvarda tibb elmləri doktoru, professor, əməkdar elm xadimi “Şöhrət” ordenli Solmaz İsrafilbəyli həyata gözlərini yumdu.
Yanvar ayının 17-də tanınmış jurnalist Səbuhi Məmmədli dünyasını dəyişib. Daha əvvəl hər iki ayağının amputasiyası əməliyyatını keçirən jurnalist gecə saatlarında müalicə aldığı klinikada dünyasını dəyişib.
Təəssüf ki, yanvar ayında incəsənət çinarından bir yarpaq da qoparaq sevənlərindən ayrıldı. Yanvarın 22-də Azərbaycanın Əməkdar artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişdi.
Təqvimlər 24 yanvarı göstərəndə “Sehrli xalat” filminin Rəşidi Azər Qurbanovun ölüm xəbəri yayıldı. Ölüm tarixi bir qədər müəmmalı olan aktyorun əslində 1 ay öncə vəfat etdiyi, lakin xəbərin yanvar ayında ictimaiyyətə çatdırıldığı bildirilmişdi. Tarix dəqiq olmasa da, “Rəşid” insanların nəzərində məhz yanvar ayında “Sehrli xalat”ını sevənlərinə əmanət edərək əbəbi dünyaya keçid etdi.
Son günündə incəsənət dünyasından bir nəfəri sevənlərindən ayıraraq yekunlaşan yanvar ayının 31-də tanınmış nağara ifaçısı Eldar Qafarov 69 yaşında vəfat edib.
6 fevralda isə məşhur baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında dünyasını dəyişib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.
12 fevral 2024-cü il tarixində Azərbaycan uşaq ədəbiyyatı öz tanınmış simalarından biri olan Simax Şeydanı 87 yaşında itirdi. Xatırladaq ki, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq və SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda Almaniyanın Münxen şəhərində vəfat edib.
Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti, rejissor işləmiş Xəyyam Kələntərli fevralın 14-də, ömrünün 83-cü ilində dünyasını dəyişib.
Fevralın 18-də isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş baletmeyster vəzifəsində çalışmış, Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə ölümü ilə sevənlərini kədərləndirib.
Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şaripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
21 fevralda isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mövlud Süleymanlı 81 yaşında dünyadan köçüb. Xatırladaq ki, yazıçı “Bəyin oğurlanması” filminin ssenari müəllifi olub.
Martın 16-da Azərbaycanın əməkdar artisti, xanəndə Sahibə Əhmədova xərçəng xəstəliyindən vəfat edib.
Martın 28-də isə 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Rahib Əliyev həyat səhnəsi ilə vidalaşmalı olub.
Aprelin 17-də isə sabiq millət vəkili Hadi Rəcəbli 76 yaşında rəhmətə gedib.
Aprel ayının 20-ci günündə isə Cavanşir Məmmədov 70 yaşında qəfil ürəktutmadan vəfat edərək sevənlərinə təəccüb və kədər yaşadıb.
25 Aprel tarixində isə Azərbaycanın daha bir tanınmış simasının - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanovanın vəfat xəbəri yayıldı.
Mayın 27-də isə Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev 88 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.
İyul ayının 9-cu günündə sosial şəbəkələrdə tanınmış meyxanaçı Elnur Valehin ölüm xəbəri yayıldı. Xatırladaq ki, meyxanaçı uzun müddətdir, şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkiv və ölümündən bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşüb.
Bir gün sonra -10 iyul tarixində tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib. Xatırladaq ki, o, 50 ildən çox jurnalistika sahəsində çalışıb.
Eyni ayın 22-də isə Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dünyasını dəyişib.
28 iyul Azərbaycanlı hərbi jurnalist Ədil Arifoğlunun ölümü ilə yadda qalıb. Qeyd edək ki, O, Birinci və İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib.
Avqustun 11-də məşhur bəstəkar Rəhilə Həsənova 73 yaşında dünyasını dəyişib.
18 Avqust tarixində tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi Şahin Fazil 85 yaşında vəfat edib.
Avqust ayının 21-ci günündə Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev uzun müddət əziyyət çəkdiyi xəstəlikdən vəfat edib.
“Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb”. Təəssüflər olsun ki, Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Nəsiman Yaqublunun həyatını xilas etmək mümkün olmayıb. 25 avqustda yayılan bu xəbər insanların təəssüfünə səbəb oldu. Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən N.Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizə olub.
28 avqustda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova onkoloji xəstəlikdən dünyasını dəyişib.
Sentyabr ayı da Azərbaycanın ictimai sferasından itkisiz ötüşmədi. 5 sentyabr tarixində Müstəqil Azərbaycan radiosunun simalarından biri, CONNECT şirkətinin yayım departamentinin direktoru Elçin Turabov 59 yaşında rəhmətə gedib.
Sentyabrın 14-cü günündə isə Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova 102 yaşında gözlərini əbədi olaraq yumub.
22 sentyabrda Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli ürək çatışmazlığı səbəbilə vəfat edib. Onun Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.
Oktyabrın 18-də “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib. Xatırladaq ki, O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib.
22 oktyabr dəhşətli bir cinayət xəbəri - Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru İosif Tkaç və yoldaşının evlərində qətlə yetirilməsi ilə yadda qaldı. Xatırladaq ki, cinayəti törədən şəxs tamah məqsədilə evə girib və onları amansızlıqla öldürüb. Aktyor İosif Tkaçın xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və 2015-ci ildə Prezidentin Sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülüb.
26 oktyabrda tanınmış opera müğənnisi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Şahlar Quliyevin ölümü Azərbaycan mədəniyyətinə üz verən ağır itkilərdən biri olub. Xatırladaq ki, o, uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkib.
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu 9 dekabrda Londonda müalicə aldığı xəstəxanada rəhmətə gedib.
Noyabrın 23-də sabiq millət vəkili Səmayə Piriyeva uzunsürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.
26 noyabrda isə Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev 81 yaşında dünyasını dəyişib.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli isə 3 dekabr tarixində dünyasını dəyişib.
20 dekabrda isə Xalq rəssamı, Bakının ilk baş rəssamı olmuş Tofiq Ağababayev vəfat edib.
25 dekabrda səhər radələrində ölkəmizə qara xəbər yayıldı - Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsi qəzaya uğrayıb. Bu təkcə Azərbaycanın deyil, dünya ölkələrinin də dərin kədərinə səbəb oldu. Onların içərisində qəzadan sağ çıxan insanların həyatda qalmağında önəmli rol oynayan qəhrəman ekipaj üzvlərinin - kapitan İqor Kşnyakinin, Aleksandr Kalyaninovun və təyyarə bələdçisi Hökümə Əliyevanın adlarını xüsusən qeyd etmək lazımdır.
Allah rəhmət etsin!