AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin olunması ilə bağlı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və müvafiq daxili nəzarət sisteminə malik olmalıdırlar. Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən etibarən iri, orta və kiçik sahibkarlıq subyektləri, eləcə də mikro sahibkarlıq subyektləri HACCP sistemini tətbiq etməlidirlər.
Qanunun tələbləri nəzərə alınaraq, Agentlik tərəfindən sahibkarlarla çoxsaylı görüşlər keçirilib, onlara müraciətlər ünvanlanıb, maarifləndirici məlumatlar yayımlanıb. Təəssüf ki, həyata keçirilən tədbirlərə və Qanunda iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, bəzi iri sahibkarlıq subyektləri öz qida obyektlərində, eyni zamanda qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları hələ də tətbiq etməyiblər və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik deyillər.
Bu hal nəzərə alınaraq, Agentlik bir daha bütün iri, eləcə də kiçik, orta və mikro sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır. Eyni zamanda bəyan edir ki, HACCP sistemi tətbiq olunmayan iri sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Belə ki, Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan yoxlamalar zamanı HACCP sisteminin tətbiqi vəziyyəti də yoxlanılır, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Həmçinin qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini formalaşdırır. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılığı təmin edir.