Bu kənddə xəstələnmək qadağandır! | 1news.az | Xəbərlər
Dünya

Bu kənddə xəstələnmək qadağandır!

Ayşən İsmayılova11:41 - 08 / 01 / 2025
Bu kənddə xəstələnmək qadağandır!

İtaliyanın cənubundakı ən yoxsul bölgələrdən biri olan Kalabriyadakı Belkastro kəndinin meri Antonio Torchia sakinlərə “təcili tibbi yardıma ehtiyac yaradan hər hansı bir xəstəliyə yoluxmağı” qadağan etdiyini açıqladı.

Bəs bu qəribə qadağanın arxasında nə dayanır?

1news.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Torchia bu qadağanı “zarafat qarışıq təxribat” kimi qiymətləndirib. Torchianın fikrincə, bu qadağa regional idarəçilərə yerli səhiyyə sistemi ilə bağlı xəbərdarlıq etməkdən daha effektivdir.

Belkastronun 1200 sakini 65 yaşdan yuxarıdır, lakin ən yaxın təcili yardım bölməsi 45 km uzaq məsafədə yerləşir. Buna görə də Torchia bildirir ki, “tibbi müdaxiləyə çatmaq üçün qət edilən yol ən azı xəstəlik qədər risklidir”. O, kənddəki yeganə tibb məntəqəsinin də normal fəaliyyət göstərmədiyini vurğulayıb.

İdman etmək qadağandır!

Bələdiyyə sədrinin qoyduğu “qadağa”ya ev qəzasına səbəb ola biləcək fəaliyyətlər ilə məşğul olmaq, evdən çıxmaq, səyahət etmək və idman etmək də daxildir. Yeni qaydaların necə tətbiq ediləcəyi və ya həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Lakin qadağa indidən nəinki İtaliya mətbuatında, eləcə də, dünya mətbuatında böyük əks-səda doğurub.

Kalabriyadakı səhiyyə sisteminə yanlış idarəçilik və mafiya müdaxiləsinə görə ziyan dəyib. Məhz buna görə də rayonda səhiyyə sisteminin idarə edilməsi 15 il əvvəl mərkəzi hakimiyyətə verilib. Lakin Roma tərəfindən təyin edilmiş idarəçilər xəstəxanaların üzləşdiyi külli miqdarda borcun öhdəsindən gələ bilmədi və nəticədə bölgədə tibb işçiləri və çarpayı çatışmazlığı yarandı.

2009-cu ildən bəri bölgədə 18 xəstəxana bağlanıb. Məhz buna görə də bölgədə yaşayan iki milyon insanın demək olar ki, yarısı tibbi xidmət almaq üçün başqa bölgələrə üz tutur.

Kubanın 2022-ci ildə bölgəyə 497 həkim göndərəcəyi bildirilmişdi. Regional qubernator Roberto Occhiuto keçən il bu həkimlərin Kalabriyadakı xəstəxanaları xilas etdiyini söyləmişdi.

Belkastro sakinləri isə Torçiyanın bu qadağa vasitəsilə doğru məsələyə toxunduğunu düşünürlər.

Paylaş:
122

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər